Süni zəkadan sui-istifadə edənlər necə cəzalandırılır? - AÇIQLAMA

 16:40 30.10.2024     620

İlk dəfə İngiltərədə süni zəkadan qeyri-etik məqsədlər üçün istifadə edən gənc 18 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanda da süni intellektdən istifadə vüsət alıb. Süni zəka vasitəsilə fotoları canlandırmaq, səsi klonlamaq və s. asanlıqla həyata keçirilir. Məsələ orasındadır ki, bu cür hallar təkcə əyləncə məqsədi daşımır, həm də kiberdələduzluq üçün istifadə olunur. 

Bəs Azərbaycan qanunvericiliyində süni zəkadan istifadə ilə bağlı hansı məsuliyyətlər nəzərdə tutulub? 

Mövzu ilə əlaqədar hüquqşünas Ramil Süleymanov Redaktor.az-a açıqlamasında bildirdi ki, cəmiyyət digitallaşdıqca insanların həyatına birbaşa təsir edən nəsnələr mütləq şəkildə hüquq sistemində öz əksini tapır. Ancaq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində hələ ki, süni intellektlə bağlı hər hansı bir qeyd yoxdur:

"Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsində qeyd olunur ki, saxta adlardan, saxta profillərdən istifadə etməklə hər hansı bir şəxsə böhtan atılarsa, bu, birbaşa həmin şəxsin hüquqlarının pozulmasıdır və şəxsin özünün cinayət işləməsidir. Bunun özünün cəzası isə 1000 manatdan 2000 manata qədər cərimə və ya bir ilə qədər müddətə azadlıqdan məhrumetmə müəyyən olunur. Saxta istifadəçi dedikdə isə internet informasiya portallarında qeydiyyatdan keçmiş saxta adlardan və məlumatı gizlədilmiş hesablardan söhbət gedir. Eyni zamanda Cinayət Məcəlləsində ayrıca kibercinayətlər bölməsi var ki, bu bölmədə məhz rəqəmsal dünyanı əhatə edən cinayətlərin törədilməsi nəzərdə tutulur. Bundan əlavə, 273-2-ci  maddəyə əsasən, saxtalaşdırılmış kompüter məlumatlarının həqiqi kimi təqdim edilməsi, silinməsi və ya bloklanması, üç ilə qədər müəyyən vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 2000 manatdan 4000 manata qədər cərimə və ya iki ilə qədər müddətə azaddan məhrumetmə ilə cəzalandırılır".

Hüquqşünasın sözlərinə görə, süni intellektin günbəgün inkişafı dövlətlərin süni intellektlərlə bağlı törədilmiş cinayətlərin dairəsinin genişlənməsinə səbəb olacaq:

"Azərbaycan Respublikası da bu məsələdə, əlbəttə ki, dala qalmayacaq və nəticə etibarilə əgər hər hansı bu qəbildən olan cinayətlər yenidən yaşanarsa, mütləq şəkildə bu şəxslərin cəzalandırılması üçün həmin növ kateqoriya əməllər Cinayət Məcəlləsinə əlavə ediləcək və cəza tədbirlərinin görülməsi rəsmiləşdiriləcəkdir".

Sevinc İBRAHİMZADƏ