Rayon əhalisinin Bakıya üz tutmaması üçün nələrə ehtiyac var? - Komitə sədri və eks-deputatdan vacib TƏKLİFLƏR

 11:14 01.11.2024     516

Məlumdur ki, təhsil almaq, işləmək kimi vacib işlər üçün rayonlardan Bakıya güclü axın var. Təbii ki, bu axın paytaxt və ətraf ərazilərdə sıxlıqlar yaradır. Belə olduğu halda ortaya bir neçə problem çıxır. Məsələn, bölgələrdə sənaye müəssisələrinin, universitetlərin az olması regionların sosial-iqtisadi inkişafına mənfi təsir göstərir.

Mövzu ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, rayon əhalisi vergi ödəyicisinə çevrilsə, regionların sosial-iqtisadi inkişafı artar:

"Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qəbul olunub və yerinə yetirilib. Burada investisiya layihələri, həmçinin regionlarda yeni iş yerlərinin açılması və digər məsələlər yer alır. Bununla əlaqədar bizim də təkliflərimiz var. Regionda yaranan müəssisələrdə vergi güzəştləri var ki, kənd təsərrüfatı ilə bağlı güzəştli kreditlər verilir. Eyni zamanda dövlət büdcəsi müzakirə olunanda gələcəkdə ipoteka kreditlərinin verilməsi məsələsini qaldıracağıq ki, burada həm müddətin çox olması, həm də əmək haqqının miqdarı, yəni ipoteka götürən şəxsin əmək haqqının miqdarı nəzərə alınacaq. Çünki regionlarda elə işlər var ki, sosial və digər işlərdi və burada əmək haqları o qədər də yüksək deyil. O baxımdan da, onlar ipotekada göstərilən şərtlərə düşmür və biz elə etməliyik ki, o şərtlərə düşsün ki, o da regionların sosial-iqtisadi inkişafı, eyni zamanda digər sahələrə, tək dövlət qulluğunda, hansısa sahədə deyil, eyni zamanda sərbəst məşğulluqla məşğul olan şəxslərin də ipoteka kreditləri alması bərabər olsun. Rayonda yaşayan bərbər, dülgər, rəngsaz, pinəçi, qaynaqçı, elektrik və digər sahələr üzrə işçilər Bakıya üz tutmasın, regionlarda ev tiksin, yaşasın, təsərrüfatı inkişaf etdirsin və ümumilikdə vergi ödəyicisinə çevrilsin ki, regionların da sosial-iqtisadi inkişafına təsir göstərsin". 

Keçmiş millət vəkili, iqtisadçı Vahid Əhmədov isə bildirdi ki, rayonlarda sosial rifahı yaxşılaşdırmaq üçün həmin ərazilərdə sənaye parkları istifadəyə verilməlidir:

"Bakıda kifayət qədər çox sıxlıq yaranıb.1992-ci ildə 80-90 min maşın var idisə, indi bu rəqəm iki milyona yaxınlaşır. Bütün məktəblər, institutlar, idarələr, təşkilatlar hamısı faktiki olaraq Bakıda yerləşir. Ona görə də, son vaxtlar böyük tikinti işləri həyata keçirilir, yeni binalar tikilir və çox ciddi quruculuq işləri aparılır. Rayonlarda, bölgələrdə kifayət qədər iş yerləri olmadığı üçün əhali daha çox məcburdur ki, Bakıya gəlsin, iş tapsın. Bu səbəbdən bəzi obyektlər, şirkətlər məhz elə rayonlara köçürülməlidir. Hətta mən təklif edirəm ki, yeni bir şəhər yaradılsın, hökumət orada otursun, Bakı şəhəri müəyyən qədər boşaldılsın. Çünki bu, çox ciddi məsələdir. Həm də son zamanlar turistlərin sayı da artır. Mən hesab edirəm ki, o dövlətin sənayesi güclü inkişaf edirsə, mədəniyyəti çox yüksək olur. Buna görə də bölgələrdə sənayenin inkişafına diqqət yetirmək lazımdır. Xüsusilə kənd təsərrüfatı məhsullarının emalı sənayesinə kifayət qədər ehtiyac var. Əks halda insanlar məcburdılar ki, məhsullarını Bakıya ,Sumqayıta gətirsinlər. Yəni orada emal müəssisələri tikilməlidir. İkincisi, digər sənaye müəssisələri tikilməlidir. Məsələn, Sumqayıtda 10 mindən çox adam üçün iş yerləri açılıb, sənaye parkları tikilib. Buna uyğun da müəyyən hissələri bölgələrdə tikmək lazımdır. İndi Qarabağda müəyyən qədər ciddi işlər gedir. Cəbrayılda, Ağdamda müəyyən sənaye parkları, birlikləri açılır. Amma bunu bütün bölgələrdə genişləndirməyə ehtiyac var". 

Türkan İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.

2