"Bəzi sürücülər dərk eləmir ki, bu nişan nə deməkdir" - Ekspert EDM-lərin qarşısındakı biabırçı vəziyyətdən DANIŞDI
Elektrik avtomobilləri üçün elektrik doldurma məntəqələrindəki (EDM) zolaqları çox vaxt digər avtomobillər parklama məqsədilə zəbt edir. Bəs bu halların qarşısını almaqdan ötrü hansı tədbirlər həyata keçirilə bilər?
Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirdi ki, elektrik avtomobillərlə bağlı elektrik doldurma məntəqələrinin sayı get-gedə artmaqdadır:
""Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və digər qurumlar bununla bağlı səfərbər olublar. Çünki cənab Prezidentin bununla bağlı tapşırığı var və "ASAN xidmət"in tərkibində də bir qurum yaradılıb. Bu qurum da elektrikdoldurma cihazlarının ölkəyə gətirilməsi və quraşdırılması işi ilə məşğul olur. Mən düşünürəm ki, özəl müəssisələr də, yol kənarlarında böyük ticarət mərkəzləri, restoranlar, hotellər - hamısı bu işə səfərbər olmalıdırlar və özləri maraq göstərməlidirlər ki, onların obyektlərinin qarşısında elektrik doldurma məntəqələri də olsun. Bu, bir tələb kimi onların üzərinə qoyulmalıdır. Eyni zamanda tikinti şirkətlərindən də tələb olunmalıdır ki, yeni tikilən binaların həyətlərində bunu təmin etsinlər. Çünki bu sahəyə çox böyük maraq var. Elektrikli avtomobilləri alanların sayı artmaqda davam edir və bu, müsbət tendensiyadır".
Ekspert qeyd etdi ki, digər avtomobillərin elektrik doldurma stansiyalarının qarşısına gətirib park etməsi biabırçı mənzərədir.
"Təəssüflər olsun ki, biz bunu son dövrlər daha çox görürük. O da ola bilsin ki, Azərbaycanda bir yenilikdir. Bəzi sürücülər bəlkə də dərk eləmir ki, bu nişan nə deməkdir, onun tələbini necə yerinə yetirmək lazımdır? Zənnimcə, problem belə ola bilər və bu da aradan qaldırılmalıdır. Bunun üçün də daha aydın nişan qoyulmalıdır və açıq şəkildə yazılmalıdır ki, bu məntəqə elektrik avtomobilləri üçündür. Məntəqələrin də üzərinə müşahidə kameraları qoyulmalıdır və bu tələbləri açıq-aşkar, nümayişkaranə şəkildə pozanlar cərimələnməlidir. Bu görüntülər sonradan yol polisinə verilə bilər ki, yol polisi də həmin sürücülər barəsində tədbir görsün. Hesab edirəm ki, bu üsullarla həmin problemlərin qarşısını almaq olar", - deyə E.Məmmədli bildirdi.
Sevinc İBRAHİMZADƏ