"8-ci km" bazarındakı satıcılara güzəştlər ediləcək? - AÇIQLAMA
Bakının Nizami rayonunda "Vosmoy" bazarı kimi tanınan "8-ci km Ticarət Mərkəzi"nin ətrafında təmir-tikinti işləri ilə əlaqədar küçə ticarətinin yığışdırılmasına başlanılıb. Hələlik 1 ay çəkəcəyi təxmin edilən bu müddət ərzində bazarda fəaliyyət göstərən satıcıların aqibəti bəlli deyil.
Bəs bu təqdirdə orada fəaliyyət göstərən satıcılara hansısa güzəştlər edilməlidir? Satıcılara satış edə bilmədiklərinə görə kompensasiya verilə bilər?
Mövzu ilə əlaqədar iqtisadçı Elçin Rəşidov Redaktor.az-a açıqlamasında bildirdi ki, dünya təcrübəsində hər iki üsul var:
"Yəni dünyada hökumətin yaratdığı çətinliyə görə vətəndaşa kompensasiya ödəməsi qaydasına rast gəlinib, ancaq ödəməməsi təcrübəsi də var. Azərbaycanda isə belə təcrübə yoxdur. Hökumət yaratdığı müvəqqəti və ya daimi çətinliklərə görə sonradan heç bir kompensasiya ödəmir. Ölkəmizdə bununla bağlı təcrübə formalaşmayıb deyə bu gün bunu tətbiq edə bilmirik. Əgər gələcəkdə bununla bağlı hər hansısa qanun qəbul edilərsə, ona uyğun hərəkət edilə bilər".
Sevinc İBRAHİMZADƏ