Keçidlər niyə taxta örtüklə üzlənir?

 16:20 01.11.2024     103

Bakıda 8 Noyabr prospektində keçid taxta örtüklə üzlənib. Məlumata görə, bunlar xüsusi qurudulmuş vəziyyətdə olan termotaxtalardır.

Bəs keçidlərin termotaxtalarla üzlənməsinin məqsədi nədir? 

Bu barədə Elmlər Akademiyasının fəxri doktoru, professor, memar Cahid Həsənov Redaktor.az-a açıqlamasında bildirdi ki, kompazit material olan termotaxtalar son dövrlərdə şəhərsalmada dəbə düşmüş yeni bir dizayn növüdür:

"Artıq alkopan materialının dövrü bitib. Bu növ termotaxta isə həm uzunmüddətlidir, həm də dizayn baxımından cəlbedicilik yaradır. Oda davamlıdır deyə texniki baxımdan da çox faydalıdır. Digər tərəfdən dünyada bu gün məşhur olan bir termin - "yaşıl dünya" ilə vəhdət təşkil edir. Yəni insanlar artıq alkopan, mərmər, keramoqranit kimi görüntülərdən yeni bir dizayn formasına keçid alırlar".

Memarın sözlərinə görə, bu materialın təbii meşə ağacından hazırlanması onu daha da təbiiləşdirir:

"Üfüqi və şaquli şəkildə işlənən dizayn layihələri əsasında vurulan bu materiallar məkana daha da zövqlü görünüş bəxş edir. Ancaq üfüqi və ya şaquli şəkildə düzüm forması memarlarımız tərəfindən məkan həcminə və həm də formasına görə düzgün təyin edilməlidir".

Sevinc İBRAHİMZADƏ