"Ermənilər özləri də mina basdırdıqları ərazilərin dəqiq yerini bilmirlər" - Hərbi ekspert

 17:18 01.11.2024     218

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən verilən məlumata görə, 10 noyabr 2020-ci ildən bu günə qədər minalardan xəsarət alanların sayı 311, həlak olanların sayı isə 70 nəfər olub. Bu illər ərzində isə mina qurbanlarının ümumi sayı 381 nəfər olub. 

Bəs minatəmizləmə işlərini daha tez necə sürətləndirək olar? Ümumiyətlə, mina qurbanlarının daha da artmaması üçün hansı tədbirlər görülməlidir?

Bu barədə hərbi ekspert Ramiz Şərifov Redaktor.az-a açıqlamasında bildirdi ki, minaların təmizlənməsində əsasən üç amili qeyd etmək olar:

"Bu amillərdən biri odur ki, erməni təxribatçılar bizə minalanmış sahələrin xəritəsini tam vermirlər. Bunu da belə başa düşmək olar ki, hətta ermənilərin özləri də hara mina basdırdıqlarını dəqiq bilmirlər. Bu minaların çoxu xaotik basdırılıb və onları tapmaq çətindir. Amma minaların əksəriyyətinin paslanması, plastik minaların olması və sair bizim minatəmizləyənlərin işini, demək olar ki, çətinləşdirir".

Döyüş Əməliyyatları Hansı Şəraitdə Davam Edir? - Ramiz Şərifov (Nə Baş  Verir?)

Ekspertin sözlərinə görə, ikinci amil odur ki, vətəndaşlarımız 30 ilə yaxındır öz doğma torpaqlarına getmək istəyirlər:

"Bəzi adamlar öz doğma torpağını görmək, orada işləmək üçün bəzən bilməyərəkdən həmin sahələrə gedirlər, hansı ki, orada minalar basdırılıb və yaxud köhnə qalıq minalardır. Onların partlaması nəticəsində insanlar ziyan çəkir. Üçüncü amil isə odur ki, 30 il müddətində ermənilərin basdırdığı minalar kəndlərarası, şəhərlərarası, meşələrdə, bilinməyən sahələrdə o qədər kütləvi hal alıb ki, onları yaxın zamanda təmizləmək çox müşkül və çətin bir prosesdir. Çox adam elə fikirləşir ki, minalar 5-6 metr məsafə ilə basdırılıb. Ancaq minaların bəziləri hətta şahmat variantında basdırılıb, bəzilərinin isə heç forması yoxdur".

R.Şərifov qeyd etdi ki, mülki vətəndaşlar, hətta mina sahəsində elə də mükəmməl bilikləri olmayan hərbçilərimiz də tanınmayan yerlərə getməməlidirlər:

"Bir yerə gedəndə mütləq ANAMA işçilərindən məsləhət almaq lazımdır. Necə ki, bizim Ali Baş Komandan İlham Əliyev döyüşün nəticələrini, hansı şəhərin azad olunduğunu bir-bir elan edirdi, indi də hansı zonaların minalardan tam şəkildə təmizləndiyi eləcə açıqlannmalıdır. Bu əmr olmayana qədər ora getmək məsləhət deyil. Hərçənd minatəmizləyən işçilərimiz gecə boyu çalışırlar, onlar boş durmayıblar.  Mən inanıram ki, onlar bu işin öhdəsindən gələcəklər".

Sevinc İBRAHİMZADƏ