Sürücülərin NƏZƏRİNƏ: Sabah Bakının əsas yollarında məhdudiyyət olacaq

 10:12 02.11.2024     783

COP29 konfransı tarixlərində Bakıda nəqliyyatın idarə olunması planı və bu istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iştirakı ilə COP29 nəqliyyat planının təqdimatına dair brifinq keçirilib.

Redaktor.az xəbər verir ki, tədbir məkanı olan Bakı Olimpiya Stadionunda baş tutan brifinqdə adıçəkilən qurumların nümayəndələri konfransın keçiriləcəyi müddətdə böyük ziyarətçi axınını idarə etmək məqsədilə nəqliyyat xidmətinin effektiv təşkili, iştirakçıların və yerli sakinlərin rahat hərəkətini təmin etmək üçün görülən tədbirlər barədə ətraflı məlumat verib.

Brifinqdə təqdimatla çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu qeyd edib ki, ölkəmizin indiyə qədər ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir olan COP29-a təşkilati hazırlıq işlərinin tələb etdiyi spesifik yanaşma həmin nəqliyyat sahəsində icra olunan tədbirlərə də şamil olunub. Belə ki, bu istiqamətdə müvafiq plan və konsepsiyanın bu ilin fevralından sentyabr ayına qədər hazırlandığı diqqətə çatdırılıb. Konsepsiya COP29 müddətində təhlükəsiz və operativ qaydada qonaqların hava limanından konfrans məkanına və əks istiqamətdə daşınması, şəhər daxilində sərbəst hərəkətinin təmin olunması, paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi kimi elementləri özündə ehtiva etdiyini bildirən O.Mahmudlu Bakı şəhərində fəaliyyət göstərəcək nəqliyyat qovşaqları barədə də ətraflı məlumat verib. Çıxışda həmçinin COP29 dövründə şəhərdə hərəkət edəcək xüsusi COP29 nəqliyyat vasitələri, xüsusi marşrutlu konfrans avtobusları, yüzlərlə xüsusi taksi və ekspres avtobusların fəaliyyəti, eləcə də COP29 xüsusi zolaqlar üzrə hərəkət qaydaları barədə də geniş məlumat verilib.

Daha sonra çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev COP29-da iştirak məqsədilə paytaxta səfər edəcək qonaqların sayı nəzərə alınaraq şəhər sakinlərini ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. O həmçinin həmən günlərdə hava limanı istiqamətində hərəkət edəcək vətəndaşları alternativ olan Zığ şosesindən istifadə etməyi də tövsiyə edib. A.Rzayev qeyd edib ki, COP29 günlərində hava limanından "28 May" və "Əhmədli" metro stansiyaları istiqamətlərində ictimai ekspres avtobuslar fəaliyyət göstərəcək, həmçinin, konfrans günlərində Bakıda avtobusların marşrut xətlərində müəyyən dəyişikliklər olacaq, bununla əlaqədar vətəndaşların qarşıdakı günlərdə məlumatlandırılacağını əlavə edib.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev isə çıxışında COP29 günləri müddətində şəhərin müxtəlif istiqamətlərindən giriş və çıxışlarla bağlı məlumat verib. O qeyd edib ki, qlobal əhəmiyyətli bu tədbirin ölkəmizə səfər edəcək yüksəksəviyyəli qonaqların müşayiəti və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə tədbirin gedişatından asılı olaraq paytaxtın bəzi əsas küçə və prospektlərində fasilələrlə məhdudiyyətlər tətbiq olunacaq, lakin yolların bağlanmasına zərurət yoxdur:

"Biz sadəcə vətəndaşlarımıza tədbirin miqyasını nəzərə alaraq şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edirik".

Tədbirin sonunda media nümayəndələrini maraqlandıran sualların cavablandırılması üçün sual-cavab sessiyası keçirilib.

Xatırladaq ki, cari ay ərzində COP29 tarixlərində nəqliyyatın idarəedilməsi sxemlərinin sınaqdan keçirilməsi məqsədilə bir sıra geniş miqyaslı monitorinqlər keçirilib. Nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsöndürmə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilmişdir.

Növbəti nəqliyyat monitorinqi isə 3 noyabr tarixində saat 11:00-dan 14:00-dək keçiriləcək. Monitorinq tədbirləri Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Behbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şoselərini əhatə edəcək. Sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.