Bölgələrdə qiyməti milyona çatacaq torpaq sahələri - Ekspert səbəbini AÇIQLADI

 16:43 05.11.2024     335

Azərbaycanın müxtəlif bölgələrində 3-4 sotu 300, 500 hətta 900 min manata torpaq sahələri satışa çıxarılıb.

Bəs qiymətlərin bu qədər bahalaşmasının səbəbi nədir? 

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Redaktor.az-a açıqlamasında bildirdi ki, əslində, bu kimi həddindən artıq çox bahalı elanlar, təkliflər nadir hallarda olur:

"Belə qiymətlərin olması o deməkdir ki, tək torpaq özü satılmır, onun üzərində hazır bir layihə də təklif olunur. Burada layihə deyəndə hər hansı bir fərdi ev də ola bilər. Hərçənd, fərdi evlər inandırıcı deyil ki, bu qiymətə olsun. Ancaq hər hansı bir kommersiya obyektinin satılması bu qiymətə başa gəlir".

 

Ekspert bunun səbəbini də açıqladı:

"Çünki artıq 2023-cü il noyabrın 1-dən hər hansı bir fərdi evin, obyektin inşası üçün oraya kommunikasiya xətlərinin çəkilməsi yalnız müvafiq sənədlərin toplusu olandan sonra mümkündür. Əgər bu fərdi evdirsə, daha rahat olur. Əgər kommersiya obyektidirsə, mütləq layihə qarışıq olmalıdır ki, bu təklifin üstündə sənədlər tam hazır olandan sonra kommunikasiya xətti çəkilə bilər. Əgər keçmişdə istənilən ünvana mülkiyyət sənədləri olmadan kommunikasiya xətti verilirdisə, artıq keçən il noyabrın 1-dən bunun icra olunması mümkün deyil. Bu da hazır sənədləri düz olan sahələrin bazarda təkliflərinin azalmasına səbəb oldu deyə qiymətlərə də təsir etməyə başladı".

Sevinc İBRAHİMZADƏ