"Televiziyalarımız millətin əxlaqını pozmaqla məşğuldur" - Xalq artisti həm qınadı, həm də təkliflər verdi

 14:10 06.11.2024     297

"Hazırki televiziya nəinki gələcəyimizi, keçmişimizi də məhv edir. Azərbaycan xalqının digər problemlərindən daha öndə olan məsələ məhz milli-mənəvi dəyərimizin bu günə qoyulmasıdır. Bunun da bir nömrəli günahkarı, sözsüz ki, televiziyalarımızdır. Çünki televiziyalar kütləvi təbliğat vasitəsidir. Bu gün televiziya yataq otaqlarımızda, maşınlarımızda, gecə-gündüz bizimlə hər yerdədir və ancaq millətin əxlaqını, düşüncəsini, mənəvi dəyərlərini məhv etməklə məşğuldur".

Bu fikirləri xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Redaktor.az-a açıqlamasında söylədi.

"Dövlətin siyasəti ilə, müharibə işləri ilə, iqtisadiyyatla, sənaye və digər sahələrlə lazımi səviyyədə möhtərəm Prezidentimiz məşğul olur və gördüyü işlərdəki uğurları da göz qabağındadır. Milli Məclisdə oturanlar cənab Prezidentimizin gördüyü işləri çıxıb televiziyada camaata təzədən təkrar edib zəhləmizi tökməsinlər, getsinlər, ciddi iş görsünlər. Prezidentin sözü hamı üçün qanundur, hamı da ona qulaq asır, oxuyur, eşidir və lazımi dəstəyini də verir. Mill Məclisdəkilərin isə bilavasitə işi qanunvericilikdir. Bu gün qanunvericilikdə çoxlu boşluqlar var. Mən siyasət, dövlət adamı deyiləm. O işləri bilmirəm, amma mənəviyyat, ideologiya, əxlaq adamı olduğum üçün deyirəm ki, bu gün siyasətimizdən də, dövlətçiliyimizdən də təhlükəli vəziyyətdə olan bizim milli-mənəvi dəyərlər sistemimizdir. Bununla çox ciddi surətdə məşğul olmaq lazımdır. Xalq niyə öz milli-mənəvi sərvətinə sahib durmur? Xalq niyə özünü müdafiə eləmir? Xalq nədən, kimdən qorxur?"

Xalq artistinin sözlərinə görə, əxlaqımızın, mənəviyyatımızın bilavasitə düşməni televiziyalar, mənasız reklamlardır:

"Bunlara nəzarət etmək üçün cənab Prezidentin sərəncamı var. Rəsmi dövlət strukturu var, oradakı insanlar işə gəlirlər, maaş alırlar. Əgər şərik deyillərsə, niyə danışmırlar? Məndə artıq şübhə yaranıb. Səlahiyyətli dövlət strukturuna dövlət səviyyəsində etimad göstərilib və vəzifə tapşırılıb, ancaq onlar xalqın mədəniyyətinin təbliğatı ilə məşğul olanlara nəzarət etmirlər. Əgər belədirsə, hamısı bağlansın, xalqın elm, sənət və mədəniyyət xadimlərindən, ziyalılarından, təmənnasız insanlardan ibarət bir struktur yaradılsın. Televiziyalarımız eybəcər şoularından təmizlənilsin".

Sevinc İBRAHİMZADƏ