Azərbaycanda neçə televiziya və radio var?

 13:38 06.11.2024     179

Azərbaycanda hər il noyabrın 6-sı radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Azərbaycan televiziyasının 68, radiosunun isə 98 yaşı tamam olur.

Redaktor.az xəbər verir ki, Azərbaycan radiosu 1926-cı ildə fəaliyyəət başlayıb.Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olur. 1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir. Raya İmanzadə ilə Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər Həsənov 1928-ci ildə radioda diktor kimi fəaliyyətə başlayırlar.

Azərbaycan televiziyası isə 1956-cı ildə fəaliyyətə başlayıb.Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə start verilib. Tikili üçün yer Bakının ən hündür məkanlarından birində – "Mehdi Hüseyn 1" adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası yayıma 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı Studiyası ara-sıra sınaq verilişləri yayımlayıb.

İlk veriliş günü ekranda o dövrdə gənc aktrisa olan, sonradan Azərbaycanın tanınmış sənətkarı Nəcibə Məlikova görünwb. Çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Sonra "Bəxtiyar" bədii filmi nümayiş olunub.

Bu gün Azərbaycanda 30-a yaxın televiziya fəaliyyət göstərir. Onlardan 4-ü (AzTV,Mədəniyyət Tv, İctimai Tv, İdman Tv) dövlət, 7-si (Space, Atv, Xəzər Tv, ARB, CBC Sport, Real TV, ARB 24) özəldir.

Eyni zamanda regionlarda da fəaliyyət göstərən televiziyalar mövcuddur ki, onlardan biri dövlət (Naxçıvan TV), 8-i (Kəpəz TV, Qafqaz TV, Dünya TV, ARB Şimal, ARB Cənub, EL TV, ARB Günəş, Alvin Channel TV) özəldir.

Bir neçə gün əvvəl isə tanınmış telejurnalist, AzTV-nin keçmiş sədr müavini Rüfət Həmzəyev ANEWZ beynəlxalq televiziya kanalının fəaliyyətə başladığını elan edib (modern.az).