Etibarnamə ilə bağlı YENİ QƏRAR sürücülərə nə VƏD EDİR?
Etibarnamə ilə avtomobil idarə edənlərin üzləşdiyi ənənəvi problem öz həllini tapıb. Belə ki, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq. Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqi vasitəsilə etibarnamə ilə avtomobili idarə edəcəyiniz tarixləri seçə və bununla bağlı müraciət ünvanlaya bilərsiniz.
Mövzu ilə bağlı daha ətraflı nəqliyyat eksperti, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli Redaktor.az-a açıqlamasında danışıb:
"Bizim hazırda qüvvədə olan qanunvericiliyimizə görə, avtomobil sahibləri faktiki olaraq digər şəxslərə etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etməyə səlahiyyətlər verirdilər. Bu zaman sürücülər qayda pozurdularsa, tətbiq olunan cərimələr əksər hallarda sürücülərə yox, həmin nəqliyyat vasitəsinin sahibinə yönəlirdi. Amma artıq vaxtın seçilməsi məsələsi var. Yəni tarix etibarnamə alan şəxs tərəfindən seçiləcək və həmin vaxtdan nəqliyyat vasitəsinin idarə olunması zamanı törədilən qayda pozuntularında cərimələr avtomobil sahibinə deyil, birbaşa idarə edən sürücüyə tətbiq olunacaq".
Ekspert qeyd etdi ki, yeni qərarın müsbət tərəfi prosesdə ədalətli yanaşmanı təmin etməsidir:
"Etibarnamə ilə sürücü, konkret olaraq başqa şəxs hansısa yol hərəkəti qaydasını pozursa və ona cərimə tətbiq olunursa, bunun təbii ki, birbaşa ünvanına çatması ədalətli yanaşma olacaq. Bu inzibati cərimənin tətbiqi məhz xətanı törədən şəxsə yönələcək".
Sevinc İBRAHİMZADƏ