"Diplomatik savaşda elə bir sülh müqaviləsi qazanmalıyıq ki, dövlətimiz 3-cü, 4-cü Qarabağ savaşına çəkilməsin" - Zahid Oruc

 12:02 07.11.2024     186

"Düz bir əsr əvvəl, Vətən müharibəmizin başlandığı tarixlə eyni günlərdə beynəlmiləl irtica ilə savaşa qalxan böyük Atatürk əsgərlərinə deyir ki, siz yalnız düşməni deyil, millətin tərsinə gedən taleyini də yendiniz. Həqiqətən parlaq sözlərdir. 44 günlük müqəddəs müharibə xalqımızın Qurtuluş savaşı olduğu üçün prezident İlham Əliyev təkcə Ermənistanı deyil, eləcə də çoxəsrlik tariximizin köçkünlük, qaçqınlıq, soyıqım və matəm keçmişini də məğlub etdi. 8 noyabr Zəfəri Yeni Qalib Yüz ilimizin başlanğıcı, Qələbə təqviminin birinci ilidir. Xankəndi səlnaməsi onun nəticəsi və davamıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc parlamentin bugünkü plenar iclasında səsləndirib.

"Ulu öndər Heydər Əliyev torpaqları işğalda olan bir xalqın qarşısında, “mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam deyəndə”, minlərlə insanımız imperiya ilə vuruşduqlarına görə çeçenlərə, digər xalqlara həsədlə baxırdı. İlham Əliyevin liderliyi ilə qazanılan Qələbə bizi dünyada nümunəyə, simvola, yeni millətə çevirdi. Ən qısa vaxtda, ən az itki və ən yüksək nəticə əldə olunan bir savaş məzlumiyyət və işğladan qurtulmaq istəyən bütün xalqlar üçün örnəkdir.

Avropanın mərkəzində, məsələn, Lüksemburq istənilən hərbi savaşda məğlub olub ayaqda qala bilər, çünki, Avropada şərtlər başqadır, lakin təkcə qaliblərə yaşamaq haqqı verən Qafqazlarda müharibəni uduzub müstəqil dövlət qurmaq mümkün deyil. Prezident siyasi mövcudluğun əsas təminatını-qalib ordunu dünyaya göstərdi. Düşmənin əliylə beyinlərə qəsdən yeridilən, “bu xalqdan əsgər çıxmaz” dəyənlərin qarşısına sinəsində 70 min orden və medalı daşıyan Qüvvələri qoydu. İlham Əliyevin Ali Baş Komandanlığı konstitusion normadan çox, müharibədə qazanılan tituldur. Bütün əvvəlki formasiya və quruluşlarda azadlıq, qalibiyyət istəyən liderlərin idealları çin olub".

Deputatın sözlərinə görə, son 2 əsrdə ilk dəfə ermənilərə sərhəddi böyük dövlətlər yox, məhz Azərbaycan göstərir:

"Əgər birinci Qarabağ savaşı SSRİ-nin dağılmasının siqnalı olmuşdusa, Vətən müharibəsi qlobal layları tərpədərək, Azərbaycana taleyini başqalarının yox, ilk dəfə bizim dövlətə dünyanın yenidən bölüşdürülməsində iştirak fürsəti verdi. İndi biz təkcə coğrafi deyil, həm də siyasi olaraq böyümüşük, beynəlxalq nüfuz və çəkimiz artıb. Ona görə də yeni dünya düzənində yüksək statusla iştirak edə bilirik.

Hərbi meydanda olduğu kimi, diplomatik savaşda da elə bir sülh müqaviləsi qazanmalıyıq ki, dövlətimiz bir daha 3-cü, 4-cü Qarabağ savaşına çəkilməsin. Torpaq yarımçıq olanda, insan da natamam olur. Təkcə ərazi və suverenlik yox, 20 faizlik sindromdan xilas olan bütöv vətəndaşa çevrilmişik. İndi qalib dövlət ən böyük ideologiyamızdır. Qələbəmizi qan yaddaşına çevirib gələcək nəsillərə ötürərək 22-ci əsrin bütöv Azərbaycanını millətimizə miras qoymalıyıq".

Türkan İSGƏNDƏRLİ