"Türk Dövlətləri Təşkilatının bayrağı bizim üçün doğmadır" - Türkoloq alim

 17:50 07.11.2024     633

"Türk Dövlətləri Təşkilatının bayrağının yeni formada da qəbul olunması təqdirəlayiq haldır. Əslində, bu bayraq bizim üçün doğmadır, çünki türk xalqlarının bayrağıdır. Tarixi, fəlsəfi, mədəni anlamda bir mahiyyət ifadə edib".

Bu fikirləri AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, türkoloq alim Faiq Ələkbərli Redaktor.az-a açıqlamasında bildirib.

"Biz bilirik ki, bu bayraqdakı göy rəng türkçülüyün, tanrıçılığın rəmzidir. Eyni zamanda bu bayraqdan vaxtilə bir çox türk dövlətləri - Göytürk xaqanlığı, Xəzər xaqanlığı, Səlcuqlar və başqaları da istifadə ediblər. Bu bayraq bu gün də bizim üçün doğmadır. Azərbaycan, Qazaxıstan, Özbəkistan, eləcə də yarım müstəqil olan bir çox türk dövlətlərində bu bayraqdan istifadə olunur. Bayrağın nişanələri - səkkizguşəli ulduz bu gün Azərbaycanda da var, Səlcuqlarda da var idi, yaxud Günəş rəmzi Qırğızıstanda da var, vaxtilə türk dövlətlərində də olub. Eləcə də aypara Azərbaycan bayrağında da, Türkiyə və digər bəzi türk dövlətlərində də mövcuddur".

Faiq Ələkbərli: İran'da Türk Dili ilə bağlı əcaib çağırış

Türkoloq qeyd edib ki, bu bayrağın təkcə müstəqil türk dövlətlərini deyil, digər türk xalqlarını da əks etdirməsi çox önəmlidir:

"Diqqət yetirmək lazımdır ki, müstəqil olmayan, yarım müstəqil olan Rusiya Federasiyasında, Çində, Ukraynada və digər yerlərdə olan türk xalqları var ki, burada özlərini görə bilirlər. Bütün hallarda Türk Dövlətləri Təşkilatı ancaq siyasi və iqtisadi anlamda deyil, hətta müəyyən mənada hərbi anlamda çox mühüm bir mərhələyə qədəm qoyur. Bunların hamısı müsbət haldır. Ümid edirik ki, cənab Prezident İlham Əliyevin dediyi kimi, TDT türk ailəsi kimi dünyada ciddi bir gücə çevrilir və biz də bu prosesdə aktiv iştirak edirik. Türk Dövlətləri Təşkilatının 11-ci zirvə görüşü də göstərdi ki, doğrudan da, ciddi anlamda müsbət dəyişikliklər var. Türk Dövlətləri Təşkilatının bəzi üzvləri NATO-da, MDB-də və digərlərində deyək ki, var. Ancaq biz gücümüzü əsasən Türk Dövlətləri Təşkilatına yönəltməliyik. Bütün anlamlarda onu gücləndirməliyik və bizim üçün əsas məsələ olmalıdır".

Sevinc İBRAHİMZADƏ