COP29 iştirakçılarına məruzə təqdim edildi

 11:35 12.11.2024     140

Bakı Olimpiya Stadionunun COP29 iqlim sammiti üçün ayrılmış “Natəvan” konfrans zalında müvafiq beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə brifinq keçirilib və burada nümayəndələrə gənclərin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməsi üzrə demək olar ki, bütün sahələri əhatə edən geniş məruzə təqdim olunub.

Redaktor.az xəbər verir ki, tədbirdə bəşəriyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsində gənclərin fəal iştirakının artan əhəmiyyəti və iqlim problemlərinin həllinin sonrakı nəsillərə həvalə edilməsinin yolverilməzliyi qeyd edilib.

Sonra istedadlı gənclərin – Kanadanın bir universitetinin tələbələrinin hazırladığı, cəmiyyətin iqlim problemləri ilə bağlı maarifləndirilməsinə yönəlmiş cizgi filmi nümayiş etdirilib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.