Dünyanın iqlim problemləri COP29 fonunda - Qarşımızda duran vəzifələr...

 17:18 15.11.2024     1014

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 noyabrın 11-də Azərbaycanda başlayıb və 22 noyabradək davam edəcək. 

Bəs COP29 tədbiri ölkəmizin və dünyanın iqlim problemlərinin həllinə necə təsir edəcək? Cəmiyyət olaraq qarşımızda duran vəzifələr nədir və dünyamızı qorumaq üçün daha nələr etməliyik?

Bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan COP29-un artıq ən məsuliyyətli və ağır hissəsini arxada qoyub:

"Dünya liderlərinin Azərbaycana təşrif buyurması və onların COP29-a böyük marağı onu deməyə imkan verir ki, Azərbaycan öz öhdəliklərini ən yüksək səviyyədə həyata keçirib. Eyni zamanda ölkəmizdə bu mövzuya toxunan dünya liderlərinin, siyasətçilərin, bu sahənin mütəxəssislərinin də fikirlərini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə ev sahibliyi etməkdədir. Bu tədbirlərin ən əsas hədəfi iqlim dəyişikliklərinə qarşı birgə mübarizəni təşkil etməkdir. Həmçinin məhz bu problemin həlli ilə bağlı maliyyə axtarışlarının həyata keçirilməsi və maliyyə dəstəyinin davamlılığını təmin etməklə dünya dövlətləri bu öhdəliklərə olan münasibətlərini yeniləmiş olacaq, xüsusilə də istiləşməyə qarşı birgə mübarizədə birlik nümayiş etdirəcəklər. Bu, elə də asan məsələ deyil. Həm maliyyə axtarışı baxımından çətinliklər var, həm də bu, istiləşmənin qarşısını almaq üçün iqtisadiyyatla birbaşa bağlıdır. Çünki hazırda istifadə olunan texnologiyalar, həmçinin fabrik və zavodlar istər-istəməz bu istiləşmədə yaxından iştirak edir və havaya çoxlu emissiya, zəhərli qazlar atılır ki, bunun qarşısını almaq üçün dövlətlər çox böyük vəsaitlər hesabına problemin həllinə dəstək olmalıdırlar".

Millət vəkilinin sözlərinə görə, müharibələrə böyük miqdarda vəsaitlər xərcləyən dövlətlər çox təəssüflər olsun ki, məhz iqlim dəyişikləri ilə bağlı bu öhdəliklərin yerinə yetirilməsinə bəzən o qədər də canfəşanlıq etmirlər və yaxud elə dövlətlər var ki, onların bu proseslərə töhfə vermə ehtimalları çox azdır, çünki çox kasıb ölkələrdir:

"Ancaq istənilən halda dünya iqtisadiyyatının əsasını təşkil edən aparıcı dövlətlər var ki, onlar bu məsələlərdə öncül cərgələrdə olmalıdırlar və bu, tək hansısa dövlətin, regionun problemi deyil. Ümumilikdə dünyanın, Yer planetinin problemidir ki, biz gələcək üçün daha sağlam, daha təmiz bir dünyanı qoruyub saxlamalıyıq. Bizim qlobal məkanda öhdəliklərimiz bundan ibarətdir. Dünya dövlətləri yaşıl enerjiyə keçidi təşviq və təmin etməlidirlər. Azərbaycan uzun illərdir ki, ekologiyanın, ətraf mühitin qorunması və birbaşa olaraq iqlim dəyişiklərinə qarşı mübarizəni təşkil etməklə bağlı böyük layihələr həyata keçirir. Ölkəmiz regionda yaşıl enerjiyə keçidə ən çox sərmayə və vəsait ayıran bir dövlətdir. Bununla kifayətlənməyərək Azərbaycan yaşıl enerjinin məhz Gürcüstan və Qara Dənizin dibindən keçərək Avropaya nəqlini həyata keçirməklə əlaqədar meqalayihə reallaşdırmaqdadır. Azərbaycan bu proseslərə töhfə verir və götürdüyü öhdəlikləri də yerinə yetirmək üçün lazımi işlər görür. Demək olar ki, vaxtından əvvəl bu öhdəlikləri də yerinə yetirəcəyik".

N.Həmzəyev cəmiyyətin qarşısında duran öhdəliklərdən də danışdı:

"Biz bacardığımız qədər çalışmalıyıq ki, maarifləndirmə işlərini artıraraq şirin suya qənaəti təmin edək. Elektrik enerjisindən istifadəyə qənaətlə yanaşaq, ətraf mühitin çirkləndirilməsinə qarşı birgə mübarizə aparaq. Bir sözlə, hər bir vətəndaş əgər özü bu proseslərə töhfə verməyə cəhd edərsə, düşünürəm ki, dövlətin yükü qismən azalmış olar və nəticə etibarilə iqlim dəyişikliklərinə qarşı mübarizədə biz də iştirakçı kimi öz töhfəmizi vermiş olarıq. Mən inanıram ki, COP29 tədbiri uğurla başa çatacaq. COP30 keçirilənə qədər prezidentlik Azərbaycanda olacaq və bundan öncə COP28-ə ev sahibi etmiş Dubayla və COP30-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə bu məsələlərin analiz edilməsi, araşdırılması və həllinə dair daim birlikdə işləyəcəklər. Xüsusilə də Azərbaycanın COP29-a hazırlıqla bağlı vaxtının az olmasına baxmayaraq, öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi onu deməyə imkan verir ki, məhz bu tədbirlərin təşkilatçılığı ilə bağlı gələcəkdə COP tədbirlərinə ev sahibliyi edəcək dövlətlər Azərbaycanın təcrübəsindən yaxından istifadə edəcəklər. Bu il irəli sürdüyümüz sülh çağırışları gələcək COP tədbirləri ərəfəsində ənənə kimi davam etdiriləcəyi təqdirdə, birbaşa olaraq Azərbaycanın adı ilə bağlı olacaq. Çünki müharibələr nəticə etibarilə iqlim dəyişikliklərinə birbaşa təsir edir və bu baxımdan sülh çağırışlarının davamlı olmasını biz dəstəkləyirik. Bütün dövlətlər, bütün insanlar çalışmalıdırlar ki, ətraf mühiti qorusunlar və iqlim dəyişiklərinə qarşı birgə mübarizə aparsınlar".

İqlimşünas Məhərrəm Mehdiyev isə bildirdi ki, atmosferimizi istixana qazları ilə ən çox çirkləndirən ölkələrin rəhbərlərindən bir çoxu COP29-da iştirak etmir:

"Bu məsələ ilə bağlı irəlidə avanqard kimi gedən onlar olmalıdır, ancaq təəssüflər olsun ki, bu məsələyə yəqin ki, iqtisadiyyatları ilə bağlı olaraq bir az "barmaqarası" baxırlar. İqlim dəyişmələrinə gəldikdə isə yenə də atılmalar çoxalıb. Pandemiya dövründə ən minimum hədd 33 milyard idi. İki ildən sonra bu rəqəm 40 milyarda gəlib çatıb".

Ekoloqun sözlərinə görə, COP29-un nəticəsi o olacaq ki, bütün dünya birləşərək iqlim dəyişmələrinə qarşı mübarizəni artıracaq:

"Lakin bu məsələlər maliyyəyə dirənir. Çünki elə-belə azaltmaq mümkün deyil, enerji səmərəli, yeni texnologiyalara keçmək lazımdır. Bütün bunlar isə pul tələb edir. İnkişaf etmiş ölkələr insafa gəlib bu tədbirlərə maliyyə buraxsalar, çox güman ki, bu sahədə dəyişmələr baş verəcək. Azərbaycan bu məsələ ilə bağlı öz işlərində israrlıdır, tədbirlər görür və irəliləyiş də qazanacaq. Hörmətli Prezidentimiz 2030-cu ilə qədər alternativ enerji ilə bağlı tədbirləri 30 faizə çatdırmaq istəyir. Əlbəttə, bu, böyük rəqəmdir. Ancaq təbii ki, başqa tədbirlərə də əl atmaq olar: məsələn, atdığımız karbon qazını tutub anbarlarda, neft və qazın tükənmiş laylarında saxlamaq imkanlarımız var. Bu tədbirləri də görsək, atılmaların miqdarını 10 faiz də azaltmış ola bilərik".

M.Mehdiyev qeyd etdi ki, azalmaya gətirmə, alternativ enerjidən istifadə tədbirləri çoxdur:

"Bizim azad olunmuş ərazilərimizdəki dağ çaylarında yüzlərlə kiçik elektrik stansiyaları tikmək olar. Bu vasitələrlə problemlərin həlli ilə bağlı daha da irəli getmiş olarıq və atılmaları, "netto" emissiyalarını sıfıra çatdıra bilərik".

Sevinc İBRAHİMZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

2