"Bakı boşaldılmalıdır" - Bu qurumların Bərdə, Gəncə və Şirvana köçürülməsi TƏKLİF EDİLDİ

 18:01 16.11.2024     655

Hazırda Bakıda dünyanın ən böyük iqlim konfransı olan COP29 tədbiri keçirilir. Tədbir zamanı yaşıl həyatın inkişafı istiqamətində bir çox məsələlər gündəmə gətirilir. Bunlardan biri də şəhərlərin ekoloji cəhətdən daha təmiz olmasının yolları ilə bağlıdır.

Bəs Bakının ekoloji təmiz olması üçün hansı yollar var? İnsanların rayonlardan Bakıya axışması şəhərin ekologiyasına hansı mənfi təsirlərini göstərir?

Mövzu ilə əlaqədar ekoloq Qorxmaz İbrahimli Redaktor.az-a açıqlamasında bildirdi ki, Bakı zəhərli şəhər deyil, əksinə, Bakının havası, suyu, hər şey gözəldir. Sadəcə şəhər quruluşuna görə burada əhali həddindən çox məskunlaşıb.

Onun sözlərinə görə, bizim daxili demoqrafiyamız, urbanizasiya prosesi düz deyil:

"Bakı şəhəri boşaldılmalıdır. Bakının ekologiyasında isə heç bir problem yoxdur. Şəhər yollarından COP29 iştirakçıları da istifadə edir və bu zaman Bakı sakinləri əziyyət çəkir. Çünki Bakının yol infrastrukturu düzgün deyil. Amma bunun Bakının ekologiyasına aidiyyəti yoxdur, bu, birbaşa insanların əsəbinə təsir edir. Paytaxtımız dünyanın müasir şəhərlərindən biridir və ekoloji heç bir problem yaşamır. Dəm qazı, metan qazı, maşınların atmosferə buraxdığı qazlar da böyük bir çəkiyə malik deyil. Əslində, COVID-19 dan sonra Bakının havası xeyli təmizlənib".

Ekoloq qeyd etdi ki, Bakıda yaşıllıqlar əvəzinə hündür binaların tikilməsi, parklar əvəzinə restoranların açılması isə kültür məsələsidir və həll edilməli olan problemlərdəndir:

"Bakıda ekoloji problem XIX əsrdə neft kəşf olunandan sonra olmuşdu, Abşeron yarımadası və paytax həddindən çox çirklənmişdi. Müstəqillik dönəmində Qara şəhərin Ağ şəhərə çevrilməsi, Abşeron torpaqlarının yuyulması, təmizlənməsi radiasiya problemlərini qismən həll eliyib. Deyə bilmərik ki, paytaxtımız ekoloji təmizlik cəhətdən ən ideal şəhərdir. Çünki Bakı səhra şəhəridir, buranın yayı isti, qışı da mülayim keçir".

Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar

Q.İbrahimli regionlardakı insanların da şəhərə axışmasından danışdı:

"Bu, hökumətin yanlış siyasətinin nəticəsidir. Bakıda əhali çox yığıldığına görə hətta suyun da qiyməti qaldırılacaq. Çünki ölkənin şərq ucqarında yerləşdiyinə görə buranın su ehtiyatı yoxdur. Abşeron yarımadasından bahalı su gətirilir, gündəlik ərzaq məhsullarının əksəriyyəti ucqarlardan gətirilir. Halbuki Abşeron yarımadası 90-cı illərin əvvəlində Bakının ərzaq təminatını minimal dərəcədə həyata keçirə bilirdi. Buranın öz meyvəsi, öz tərəvəzi vardı. 90-cı illər böhran vaxtı burada əhali qeyri-planlı məskunlaşdı. Abşeron yarımadasının əkinə yararlı qumsal verimli torpaqları bu gün yoxdur".

Ekoloq qeyd etdi ki, Bakının əhalisi rəsmi olaraq 3 milyondan yuxarıdır.

"Amma ölkə əhalisinin 40-50 faizi məhz paytaxtda məskunlaşıb. Bu, özü anomaliyadır. Ona görə də Gəncəni, Mingəçeviri, Şirvanı, Lənkəranı, Bərdəni inkişaf etdirmək lazımdır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyini Bakıdan çıxarıb Bərdəyə köçürmək lazımdır. Sənaye Nazirliyini Gəncəyə yerləşdirmək lazımdır. SOCAR-ı Şirvana yerləşdirmək olar. Amma hökumətimiz bu nazirliklər üçün müstəqillik dönəmində, xüsusən neft bumu zamanı xeyli vəsait yatırıb, böyük, bahalı binalar inşa edib ki, buna gərək yox idi. Bu prosesləri həyata keçirərək şəhəri boşaltmaq olar, universitetləri burdan çıxarıb müxtəlif əyalət şəhərlərinə aparmaqla həm əhalinin balansını orada dəyişmək, həm də kənd əhalisinin şəhərə axınının qarşısını almaq olar", - deyə Q.İbrahimli vurğuladı.

Sevinc İBRAHİMZADƏ