COP29 ölkələrin öz iqlim hədəflərini açıqlaması üçün mükəmməl bir imkandır - Nazir

 17:44 16.11.2024     156

"COP29 burada iştirak edən ölkələrin öz iqlim hədəflərini açıqlaması üçün mükəmməl bir imkandır".

Redaktor.az xəbər verir ki, bunu COP29 Prezidentliyinin mətbuat konfransında Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O əlavə edib ki, sözügedən prosesin tənzimlənməsi üçün bütün kritik sahələrdə istehsal prosesinin avtomatlaşmasına nail olunmalıdır:

"Mən ümid edirəm ki, razılıq əldə ediləcəyi halda tərəflər bu razılaşmanın icrası üçün yetərincə resurslar tapmağa nail ola biləcək. Bizim mövqeyimiz ondan ibarətdir ki, bütün ölkələr özlərinin iqlim dəyişikliyi ilə mübarizə siyasətini ictimailəşdirsin və onların arasında təcrübə mübadiləsi aparılsın. Mən hesab edirəm ki, iqlim dəyişikliyi ilə mübarizənin daha bir vasitəsi sənayedə rəqəmsallaşmanın təminatı, bütün kritik sahələrdə istehsal prosesinin avtomatlaşmasına nail olunmasıdır. Bu hədəf təmin edilmdən iqlim dəyişikliyi ilə mübarizədən danışmaq çox çətindir. Bunun üçün isə əhəmiyyətli sahələrə investisiyaların, habelə dövlət dəstəyi proqramlarının tətbiqi xüsusi önəm daşıyır".

COP29-un baş danışıqçısının müavini Samir Becanov isə bildirib ki, Yeni Kollektiv Kəmiyyət Hədəfinə nail olmaq Azərbaycanın başlıca hədəfidir:

"Hesab edirəm ki, tərəflər buna yalnız qərarlı yanaşma nümayiş etdirməklə nail ola biləcəklər. Bizim tərəfdaşlarımıza əsas çağırışımız yalnız bu məsələyə məsuliyyətlə yanaşmaq və nəticə əldə etməyə çalışmaqdan ibarətdir. Yeni Kollektiv Kəmiyyət Hədəfinə nail olmaq Azərbaycanın başlıca hədəfidir. Biz çox yaxşı başa düşürük ki, atmosferə buraxılan tullantıların həcminin azaldılması məsələsinin həlli kifayət qədər uzun zaman tələb edir. Mənə elə gəlir ki, burada iştirak edən hər kəs həm Afrika, həm də Asiya-Sakit okean regionunun iqlim dəyişikliyinin zərərli təsirlərindən qorunmasının vacibliyini daha yaxşı dərk edir. Bu sahədə dayanıqlığın təminatı, eləcə də belə bir prioritet məsələnin reallaşmasına investisiyaların cəlbi bizi əsas məqsədimizə daha da yaxınlaşdıra bilər. Bunun üçün iştirakçı tərəflərin yekun sənədi razılaşdırması çox vacibdir".

Mətbuat Konfransında iştirakçılar jurnalistlərin suallarını cavablandırıb.