Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşünün ilk günü başa ÇATDI

 18:45 16.11.2024     200

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində noyabrın 16-da Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ilk günü baş tutub.

 Redaktor.az xəbər verir ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova qonaqları salamlayıb. O, tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 90-a yaxın nümayəndə heyətinin iştirak etdiyini bildirib. Qeyd olunub ki, bu, zəmanəmizin ən aktual problemi olan iqlim dəyişikliyi məsələsinin həllindəki qətiyyətimizin və fədakarlığımızın göstəricisidir.

COP29 çərçivəsində Parlament Görüşünün təşkil olunması fikrinin Parlamentlərarası İttifaqın Baş Katibi Martin Çunqonq tərəfindən irəli sürüldüyünü bildirən Milli Məclisin sədri, dəyərli təşəbbüsə görə ona təşəkkür edib və qeyd edib ki, bu tədbir Azərbaycanın keçən ilin dekabrında yekdilliklə COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsindən sonra mümkün olmuşdur.

Spiker qeyd edib ki, iqlim dəyişikliyinin təsirləri dünyanın bütün ölkələrinə sirayət edir və bu baxımdan, ölkəmiz də istisna deyil. Son illərdə Azərbaycan həddindən artıq istilər, su qıtlığı, Xəzər dənizinin dayazlaşması və daşqınlar kimi problemlərlə üzləşib. Bu çağırışın əhəmiyyətini anlayan və qabaqcadan dəyərləndirən Azərbaycan, hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyətləri öz milli planlarının mərkəzinə yerləşdirib. Azərbaycan könüllü öhdəliklər götürərək, yaşıl gündəliyi milli inkişaf proqramlarına daxil edib, bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirərək və yaşıl enerji zonaları yaradaraq, gələcək inkişaf yolunda əzm və qətiyyət nümayiş etdirib.

Eyni zamanda bildirilib ki, Azərbaycanın COP29-a ev sahibi qismində seçilməsi, dünya ictimaiyyətinin ölkəmizin körpü qurucusu kimi çıxış etmək, icmaları və ölkələri ortaq bir məram ətrafında birləşdirmək bacarığına və təcrübəsinə olan inamının nəticəsidir. Qonaqların diqqətinə çatdırılıb ki, digər ölkələrlə müqayisədə hazırlıqlar üçün daha az vaxt - yalnız 11 ay olmasına baxmayaraq, COP29 Azərbaycan Sədrliyi bütün maraqlı tərəfləri cəlb etmək, onların ehtiyaclarını dinləmək və gözləntilərini anlamaq istiqamətində böyük işlər görüb.

Təəssüf hissi ilə qeyd olunub ki, bu hazırlıqlar zamanı ölkəmiz bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib. Bu fəaliyyətlərdə az sayda milli parlamentlər və parlamentlərarası təşkilatlar da rol oynayıblar. Parlamentin spikeri bildirib ki, bəziləri ümumi çağırışlar qarşısında dialoqun, əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Digər tərəfdən, onlar hələ də başa düşmürlər ki, mühüm əhəmiyyətə malik olan iqlim dəyişikliyi məsələsi, onların dar maraqlarını və siyasi motivli ambisiyalarını nümayiş etdirmək üçün platforma rolunu oynaya bilməz.

Spiker çıxışında qeyd edib ki, bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla işinə başlayıb və bütün maraqlı tərəflərin iştirakı ilə öz işini davam etdirir. O deyib ki, bugünkü Parlament Görüşü, Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitindən və bir sıra digər mühüm tədbirlərdən və görüşlərdən sonra keçirilir. Fəaliyyət Gündəliyi və COP29 Sədrliyi tərəfindən irəli sürülən 14 təşəbbüs inklüziv prosesin nəticəsi olmaqla yanaşı, hərtərəfli yanaşma nümayiş etdirir və qlobal iqlim fəaliyyətində hamını bir araya gətirir.

Diqqətə çatdırılıb ki, davam edən müzakirələr nəticəsində artıq bəzi mühüm nəticələr də əldə olunub.

Çıxışında “Qlobal iqlim səylərində parlamentlərimizin, bizim rolumuz nədir?” suallarını səsləndirən Sahibə Qafarova vurğulayıb ki, bu suallar ritorik suallar deyil və onların cavabları mövcuddur.

Spiker Sahibə Qafarova deyib ki, biz deputatlar xalqlarımızın nümayəndələri kimi onlarla gündəlik ünsiyyətdə oluruq. Biz iqlim dəyişikliyinin onların üzərində dağıdıcı təsirlərinin ilk şahidləriyik. Bu mənada, parlamentlər onların ehtiyaclarını və perspektivlərini ön plana çıxarmaqla bu prosesi öz üzərinə götürür və onu daha əhatəli edir.

Parlamentlərimiz hökumətlərimizə iqlimlə bağlı fəaliyyətin inkişafında dəstək olmaq üçün qanunvericilik, büdcə və ya nəzarət vasitəsilə lazım olan alətlərə malikdirlər. Əminəm ki, parlamentlərimizin əksəriyyəti artıq emissiyaların azaldılması, enerji keçidi və yaşıl inkişafla bağlı qanunlar qəbul ediblər.

Sahibə Qafarova deyib ki, iqlim dəyişikliyi bəşəriyyətin istənilən milli sərhədləri aşan və kollektiv səylər tələb edən ən böyük problemidir. Dünyanın hər yerindən çoxlu parlamentarilərin bu gün burada bizə qoşulmasını görmək mənə böyük qürur və sevinc verir. Bu, ümumi məqsəd uğrunda birliyimizi və prosesdə güclü iştirakımızı göstərir. Biliklərimizin, təcrübəmizin və qabaqcıl praktikalarımızın paylaşılması sahəsində parlament əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir və hamımız üçün faydalıdır. Bu mənada, Parlamentlərarası İttifaqın rolunu da yüksək dəyərləndirmək lazımdır. Dialoq və həmrəylik fikrinə sadiq qalaraq, bu təşkilat bizi əhəmiyyətli təşəbbüslər, o cümlədən iqlim tədbirləri ətrafında səfərbər edir və səsimizin eşidilməsini təmin edir. Lakin iqlim böhranı getdikcə pisləşdikcə, iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması işi daha da çətinləşir. Çünki getdikcə vaxtımız daralır. Aydındır ki, iqlim dəyişikliyi ilə mübarizə daha çox diqqət və fəaliyyət tələb edir, bu da öz növbəsində bizim iştirakımızı gücləndirməyimizə ehtiyac olduğunu göstərir.

Qeyd olunub ki, biz qanunvericiliyimizi daha da təkmilləşdirməli, hökumətlərimizi öz səylərini daha yaxşı səfərbər etməyə təşviq etməli və öhdəliklərini yerinə yetirmək üçün onlara təsir göstərməliyik. Vətəndaş cəmiyyəti ilə əməkdaşlığın artırılması onların narahatlıqlarını daha yaxşı anlamağa kömək edəcək.

Milli Məclisin sədri deyib ki, bizim iki günlük tədbirimiz və ümumi mövqeyimizi əks etdirən yekun sənəd, iqlim maliyyələşdirilməsi, təsirlərin azaldılması və uyğunlaşması, şəffaflıq, milli səviyyədə müəyyən edilmiş töhfələr kimi ən aktual problemləri və vacib məsələləri ön plana çəkir. Bu məsələlər, eyni zamanda COP29 Azərbaycan Sədrliyinin prioritetləridir və bugünkü qlobal iqlim gündəmini əks etdirir. Aydındır ki, yenidən təkər icad etməyə ehtiyac yoxdur. Əksinə, uğur, ümumi istəkləri və verilən sözləri konkret addımlara çevirməkdən asılıdır. COP29 qlobal iqlim fəaliyyəti üçün mühüm məqamdır. Hərəkət etmək məsuliyyəti hamımızın üzərinə düşür. İndi qlobal həmrəylik və birlik nümayiş etdirmək vaxtıdır.

Çıxışının sonunda Milli Məclisin sədri əminliyini ifadə edib ki, ölkələrimiz daha güclü tərəfdaşlıq, dəstək və öhdəliklərlə yaşıl dünya, daha yaxşı və davamlı gələcək naminə həmrəyliklə irəliləyəcək.

Sonra tədbirdə çıxış edən Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, PAİ prezidenti Tulia Akson, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, PAİ-nin Baş katibi Martin Çunqonq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icra katibi Saymon Stil, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva bütün dünyanı narahat edən iqlim dəyişmələri problemi, iqlim dəyişmələrinə qarşı mübarizə, bu sahədə parlamentlərin rolu barədə fikirlərini bildiriblər. Qonaqlar COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür ediblər, bu tədbir çərçivəsində görüləcək işlərin öz bəhrəsini verəcəyinə əminliklərini ifadə ediblər.

Sonra tədbir iştirakçılarına iqlim dəyişmələrinin real təsirlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib, mövzu ətrafında çıxışlar dinlənilib.
Daha sonra Parlament Görüşü sessiyalarda öz işini davam etdirib. Sessiyalarda “İqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu”, “İqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı”, “İqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması” və digər mövzularda müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edən bir sıra ölkələrin parlament rəhbərləri, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri COP29-un iqlim dəyişmələrinə qarşı mübarizədə əhəmiyyəti barədə danışıblar, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər.

Parlament Görüşündə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir noyabrın 17-də işini davam etdirəcək.