"Azərbaycanın yaşıl enerji strategiyası məhz bu siyasətə hesablanıb" - Ekspert DANIŞDI

 17:40 18.11.2024     180

2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırlır. 

Maraqlıdır bu, Azərbaycanın yaşıl iqtisadiyyatına necə təsir edəcək?

Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert İlham Şaban Redaktor.az-a açıqlamasında bildirdi ki, artıq harada Günəş, harada külək elektrik stansiyalarının tikiləcəyi müəyyənləşdirilib:

"Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin COP29-dakı açıqlamasına görə, artıq 4500  ərazi bununla bağlı təyin edilib. Elə COP29-da bp dövlət neft şirkəti  Cəbrayılda 240 meqavatlıq Günəş stansiyasının təməlini qoydu. Azərbaycanda aerokosmik çəkilişlər göstərib ki, günəş enerjisini elektrik enerjisinə çevirmək ən çox üç zonada daha effektiv alınır. Bunlardan birincisi Cəbrayıl, ikincisi Naxçıvan və üçüncüsü Kür-Araz boyunca düzənlik olan sahələrdir".

İlham Şabanov necə İlham Şaban oldu...

Ekspert qeyd etdi ki, külək elektrik stansiyaları üçün Biləsuvar, Neftçala, Kür çayının Xəzər dənizinə tökülən hissələri, Qaradağ və Qobustan rayonları əraziləri uyğundur:

"İnsanlar özləri də görür ki,  Quba istiqamətində gedəndə sol tərəfdə hazırda "Azərişıq"ın böyük külək elektrik stansiyası var. “Acwa Power” şirkəti Azərbaycanda daha böyük külək elektrik stansiyasını inşa edir. Bu, "Xızı-Abşeron" külək elektrik stansiyası adlanır və iki hissədə tikiləcək. Biri Xızı rayonunun ərazisindədir, o birisi isə Qobustan rayonu ilə Abşeronun kəsişməsindədir. Biz indiyədək yerin altındakı sərvətləri çıxarıb enerjiyə çevirirdik. Artıq istiqamət götürürük ki, yerin üstündə olan təbii nemətlərdən, yəni külək və günəşdən yararlanaraq onları enerjiyə çevirək və bununla həm təbiətə, planetə vurulan və vurulmalı olacaq  ziyanın qarşısını alaq, həm də  öz insanlarımıza və xaricə satmaqla əlavə kapital əldə etmək imkanımız olsun. Azərbaycanın yaşıl enerji strategiyası məhz bu siyasətə hesablanıb".

Sevinc İBRAHİMZADƏ