Deputat polislərin maaşının artırılmasını təklif ETDİ
“Polislərin maaşının artırılmasına ehtiyac var”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
Millət vəkili bildirib ki, Polis Akademiyasının məzunu 22 yaşından başlayaraq, 20 il də xidmət etdikdən sonra 44 yaşında təqaüdə gedə bilər: “Polis mayoru sahə və əməliyyat-axtarış müvəkkilinin əməkhaqqısı 950 manata yaxındır. Gəlin araşdıraq, polislərin tez təqaüdə getməsi daxili işlər orqanlarının fəaliyyətinə necə təsir edir? Hər kəs yaxşı bilir ki, müasir kommunikasiya-informasiya texnologiyaları əsrində daxildə təhlükələr və cinayətkarlığın yeni növlərinə qarşı mübarizə, əvvəlki illərdən daha çox peşəkarlıq tələb edir. Narkotiklərlə bağlı bir cinayətin açılması üçün əvvəlki illərdən 3-4 dəfə çox insan, vaxt və peşəkarlıq resurları tələb olunur.
44-50 yaşında olan polis təqaüdə göndərilirsə, biz onların yerini kimlərə veririk?! Daxili işlər orqanları dövlətin qoruyucu zirehi, ictimai təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm xidmətləri olan qüvvələridir. Hər birimiz 9-18-dək iş rejiminə malikik, lakin polis hər gün 14-16 saatlıq rejimdə xidmət aparır. Qlobal İqlim Sammitinin təhlükəsizliyində bütün dövlət orqanları ilə yanaşı, yol polisindən patrul xidmətinə, sıravidən ali rəis heyətinə qədər hamısı fədakarlıqla çalışır”.
A.Oruc sözügedən maaşları digər ölkələrlə də müqayisə edib: “Müqayisə üçün, Rusiyada polisin orta maaşı bizdən aşağıdır - 680 manat, Ukraynada 511 manat təşkil edir. Lakin nəzərə alaq ki, Rusiyada əhalinin 100 min nəfərinə düşən polis əməkdaşlarının sayı 623, ABŞ-də müvafiq göstərici 256 nəfərdir. Ölkəmizdə müvafiq nisbət sizə məlumdur. ABŞ-də polisin orta aylıq maaşı 11000 manat, Macarıstanda 1700 manat, Yaponiyada 7400 manat təşkil edir. Əlbəttə, belə müqayisələr müxtəlif parametrlərə görə mötəbər, dəqiq indikatorlar deyil. Lakin Vətən müharibəsində şəhid olan, pandemiyada 7\24 rejimində çalışan və hazırkı mürəkkəb regional-beynəlxalq şəraitdə ölkəmizdə konstitusion quruluşu, dövlət-hakimiyyət orqanlarının normal çalışmasını və ictimai asayişi ləyaqətlə qoruyan polislərin maaşının artırılmasına çox ehtiyac var”.
Maliyyə naziri Samir Şərifov deputatın təklifinə cavab olaraq bildirib ki, gələn il Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqlarının artırılması məsələsinə baxılacaq.