"Onkoloji xəstələrin özləri və doğmaları sarsıntı içində yaşayır"

 00:21 20.11.2024     403

"Onkoloji xəstəliklər insanlar arasında sadəcə təlafata səbəb olmur. Belə xəstələrin özləri və doğmaları təlafat baş verənə qədər sarsıntı içində yaşayır".

Redaktor.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, bu sarsıntının üzərinə də müayinə və müalicə proseslərinin baha olması ailələrə ciddi maddi çətinliklər yaşadır:

"Bu səbəbdən çox insanlar ilkin müayinədən, eləcə də müalicədən uzaq qaçıb, taleyini tamlıqla İlahinin ixtiyarına buraxaraq, evində sözlə ifadəsi olmayan üzüntülərlə yaşayır.

Buna görə də onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması məsələsinə ciddi baxılmalıdır.

Başa düşürəm, bu prosess bir çox xəstəliklərlə müqayisədə icbari tibbi sığortaya daha çox vəsait hesabına başa gələcəkdir. Amma çox vəsait lazımdır deyə, ən dəhşətli xəstəliyə düçar olanları sığortadan kənarda saxlamaq olmaz.

Bir vaxtlar, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi məsələsi gündəmə gələn zaman çox vəsait lazım olacağını səbəb gətirərək bunu bir müddət uzatdıq. Amma şükürlər olsun ki, bu sistem ölkəmizdə uğurla tətbiq edilməyə başladı. Müalicə üçün 100 manatı olmayanlar ucqar kəndlərdən paytaxta gəlib 10 min manatlıq əməliyyatları 1 manatsız etdirə bilir. İnsanlar bu gün ölkəmizdə icbari tibbi sığortanın verdiyi fürsətlərdən sevinclə istifadə edə bilir. Tibbi personal da (böyük əksəriyyət) bundan çox məmnundur. Demək ki, bir şeyi çox istəyəndə biz bunu edə bilirik".

Eldəniz Əmirovun fikrincə, mütləq şəkildə onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması istiqamətində real addımların atılmalıdır.

"Əğər mövcud vəsait bu xəstəliyin müalicədində A-dan Z-ə hər şeyi qarşılmaq üçün imkan vermirsə, onda heç olmasa nədənsə başlamaq lazımdır. Sonrakı hər il isə sığorta zərfini genişləndirmək olar. Başlanğıc üçün nədən başlamağı isə tibbi təhsilim olmadığı üçün mən deyə bilmərəm. Bu sualın cavabını bu sahənin peşəkarları verməlidir: Məhdud vəsaitlə nədən başlanılsa daha effektiv və əhatəli olar?", - deyə ekspert yekunlaşdırıb.

T.İSMAYIL