Bu peşə sahibləri ipoteka ilə ev almaq üçün nə etməlidir? - Ekspert AÇIQLADI

 17:15 20.11.2024     336

Millət vəkili Siyavuş Novruzov bildirib ki, bənna, dərzi, bərbər, malyar və digərləri güzəştli ipotekadan məhrumdur: "Onlar niyə bundan məhrum olmalıdır? Əgər onlar yerlərdə güzəştli ipoteka ilə ev ala bilsə, regionlarda qalarlar".

Bəs regionlarda ipoteka şərtləri necədir? Ümumiyyətlə, müəyyən peşə sahibləri nə üçün güzəştli şərtlərlə mənzil sahibi ola bilmirlər?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bu məsələyə münasibət bildirib. 

O deyib ki, istər bənna, istər dərzi olsun, istənilən peşə sahəsi ilə məşğul olan şəxslərin böyük hissəsinin, xüsusən də usta kateqoriyasında olan insanların əksəriyyətinin vergi ödəyicisi olması ilə bağlı rəsmi sənədi yoxdur, yaxud fərdi şəkildə çalışdığı üçün gəlirini tam göstərə bilmir, bəlkə də anlayışı yoxdur:

"Hər hansı bir bank vətəndaşa kredit ayırırsa, verdiyi ipoteka və digər kreditlərlə bağlı vətəndaş hər hansı bir əmlakını belə girov qoyursa və ya hər hansı bir əmlak alma ilə bağlı müraciət edirsə, vətəndaşın həmin krediti ödəməsi ilə bağlı gəliri mütləq şəkildə göstərilməlidir. Əgər vətəndaşın ödəmə qabiliyyəti yoxdursa, dünyanın heç bir yerində və xüsusən Azərbaycanda bank  bu kateqoriyadan olan insanlara kredit ayırmır. Təbii ki, həmin insanların gəliri bəlkə də başqa sahələrdə işləyən insanlardan daha çoxdur. Lakin onlar öz gəlirlərini rəsmi göstərə bilmədikləri üçün ipoteka və digər kreditlərdən yararlana bilmirlər".

Əmlak sektorunun inkişafına mane olan qüvvələr - “Kaspi”nin MƏQALƏSİ + FOTO  - Oxu.az

Ekspert vurğulayıb ki, ipoteka kreditlərinin alınması üçün heç bir qadağa yoxdur:

"Təbii ki, adi ipotekaların alınması üçün vətəndaşın iş yeri, gəliri olmalıdır. Ailə vəziyyəti ilə bağlı adambaşına düşən aylıq gəlir xərci çıxdıqdan sonra onun rəsmi gəliri həmin krediti ödəməyə bəs etməlidir, bu halda həmin şəxslər ipoteka kreditlərindən yararlana bilirlər. Əgər vətəndaş öz gəlirlərini rəsmi formada göstərə bilərsə, vergi ödəyicisi olarsa və s. bu tip hallarda ipoteka kreditlərindən yararlana bilir.

Bundan əlavə, İpoteka Kredit və Zəmanət Fondunun 2020-ci ildə fəaliyyətə başlatdığı mənzillərin kirayə öhdəliyi ilə satışı mexanizmində də bu qadağalar yoxdur. Vətəndaş hər hansı peşə sahəsində çalışırsa, o mənzilləri ala bilər. Vətəndaşların ailə gəliri, digər bizneslərindən gələn gəlirləri də göstərilərək, əmlaklar sahib ola bilirlər. Bu baxımdan ilk olaraq ölkədə vergi sahəsi ilə bağlı, xüsusən də peşə fəaliyyəti ilə bağlı vətəndaşların iş yerləri rəsmi olmalıdır ki, onlar digər bank xidmətlərindən də yararlana bilsinlər".

E.Fərzəliyev qeyd edib ki, bölgələrdə yaşayan vətəndaşlar da öz yaşadıqları ərazilərdə ipoteka krediti ilə mənzil ala bilirlər:

"Bölgələrdə daşınmaz əmlakların satış qiymətləri daha ucuzdur və paytaxtda yaşayan insanlar, xüsusən də son illər bölgələrdən axın edib gələn insanların əksəriyyətinin öz kənd və yaxud rayonlarında şəxsi evləri, həyətyanı sahələri mövcuddur. İpoteka krediti təkcə Bakı, Sumqayıt ərazisinə deyil, bütöv ölkə üzrə şamil olunur. Təbii ki, alacaqları əmlakın sənədləri qaydasında olmalıdır, həmçinin istismar müddəti bitməmiş çoxmənzilli yaşayış binası olmalıdır ki, vətəndaşlar bu cür kreditlərdən yararlana bilsinlər. Bu baxımdan ilk növbədə vətəndaş öz gəlirini rəsmi şəkildə göstərə bilməlidir. Əgər onun aldığı əmək haqqı ipoteka kreditlərinin aylıq ödənilməsinə və aylıq onun ailəsinin yaşam xərcinə bəs edirsə, bu halda həmin şəxslər ipoteka kreditlərindən yararlana bilirlər. Bununla bağlı qanunda heç bir qadağa yoxdur".

Sevinc İBRAHİMZADƏ