Xəzər dənizinin azalmasına səbəb nədir? - Deputat və ekoloq AÇIQLADI

 16:56 22.11.2024     86

“İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana da təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır”. 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində keçirilən sammitdə deyib.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 beynəlxalq tədbirinin də əsas məqsədi iqlim dəyişikliyi və onun fəsadlarını müzakirə edib, həll yolunu tapmaqdır. 

Bəs Xəzər dənizinin azalmasının həlli istiqamətində hansı işləri görməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov bildirdi ki, iqlim dəyişikliyinin əsasında günəş şüaları dayanır ki, bu da istiləşmə və tektonik dəyişmələrə gətirib çıxarır. Onun sözlərinə görə, problemin həlli üçün Xəzəryanı ölkələrlə yanaşı digər ölkələr də mübarizəyə qoşulmalıdır.

"COP29 Azərbaycan üçün böyük bir platformadır. Bu, Azərbaycanın həm iqtisadi, həm siyasi potensialını təsir imkanlarını dünyaya göstərdi. Bu gün Azərbaycan o ölkələrdəndir ki, müstəqillik əldə etdiyi 33 il ərzində öz ərazilərinin işğaldan azad edilməsi yönündə apardığı siyasəti bitirib, artıq dünyada baş verən iqlim dəyişmələri kimi böyük problemlərin həlli ilə məşğuldur. Yəni Azərbaycanda baş verən hadisələr dünyada baş verən hadisələrin fonunda araşdırılmalıdır. COP29-un əsas hədəfləri və məqsədlərindən biri budur. Xəzər suyunun çəkilmə prosesi daim baş verib. Su çəkilib, anidən arta da bilər. Bu, tektonik dəyişmələrdən asılıdır. COP29-un məqsədlərindən biri istiləşməni 1.5 dərəcə selsidən artıq olmamasının qarşısını almaqdır. Bu nə deməkdir? Bu istiləşmə prosesinin kökündə günəş şüaları dayanır. Məlumdur ki, ağ örtük şüanı əks etdirir və dağlarda qarın ümumi səviyyəsi bir neçə metr azalarsa, günəşdən gələn şüaları udur. Təbii ki, bu enerji hansısa formada xaricə çıxmalıdır. Nəticədə zəlzələ, tektonik dəyişmələr baş verir ki, bu da iqlimə böyük təsir edir.

Xəzəryanı ölkələr arasında dənizin qorunması ilə bağlı sazişlər var və bu prosesdə Azərbaycan çox aktiv rol oynayır. Xəzərdə yaşayan canlıların hətta oğurlanması ilə bağlı kvotalar, onların həyat təhlükəsinin qarşısını almaq üçün proqramlar mövcuddur. Eyni zamanda Xəzərin çirkləndirilməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirilir. Xəzərin suyun çəkilməsində Volqa çayının da təsiri var. Oradan suyun kəskin azalması baş verib. 

Ona görə də hesab edirəm ki, cənab Prezidentin qaldırdığı bu məsələ çox aktualdır", deyə komitə sədri əlavə etdi.

Ekoloq Sadiq Həsənov isə qeyd etdi ki, Xəzər dənizinin azalmasına səbəb, ora axan çaylarda da qurumanın baş verməsidir.  O, vurğuladı ki, temperaturun artması, su ehtiyatlarının azalması qeyri-adi hadisələrə səbəb olur.

"Doğrudan da vəziyyət çox ağır vəziyyətə gəlib çıxıb. Ona görə də bu gün COP29 tədbirlərinə 70 mindən yuxarı insan qatılıb müzakirələrdə iştirak edir. Yəni artıq kritik bir vəziyyətdədir. Orta illik temperatur 1.5 dərəcə selsi artıb və bu artım davam edir. Bu artımın səbəbləri 60-cı illərdən başlayaraq sənayenin sürətlə inkişaf etməsi, sənayeləşmənin çoxalması, nəqliyyat vasitələrinin sayının artması, texnoloji proseslərdə yanacaqdan həddindən çox istifadə olunması qlobal temperaturun artmasına səbəb olub və bu artım davam edir. Hazırda COP tədbirlərində də əsas mövzu odur ki, bunu necə azaltmaq olar.

İqlimdə baş verən bu dəyişikliyin səbəbi ilk növbədə temperaturdur. Belə ki, temperatur çoxalır, bu da buxarlanmanı artırır. Hazırda buxarlanma artır təxminən 10 faizə yüksəlib. Yüksəklikdə olan qar buzlaqları 20 sm-ə yaxın əriyib. Temperaturun artması, su ehtiyatlarının azalması ilə müşayiət olunur. Nəticədə quraqlıq ərazilərin çox olması və həddindən artıq yağış yağması kimi qeyri-adi hadisələrlə müşayiət olunur.

Artmaqda olan meşə yanğınlarının qarşısını necə almalıyıq?

Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatına malik olan ölkələrdən biridir. Bizim 70 faiz içməli su ehtiyatlarımız qonşu ölkələrdə formalaşır. Bizim ən böyük çayımız 440 kubmetr saniyə axarı ilə olan Kür çayıdır ki, bu, bütün ölkəmizin 70 faizə qədər su ehtiyatını təmin edir. Burada ciddi azalma var. Hətta daha əvvəl Kür çayı Xəzərə çatmırdı. O qədər həddindən artıq azalma var idi suyun həddində. Bu il yağışlı olduğuna görə bir az artıb. Xəzər dənizində iki metrə qədər çəkilmə var. İndiki çəkilmə 10 faizə qədər buxarlanmanın təsirindən və bir də 10-15 faiz ora axan çayların azalmasıdır. Xəzər dənizinə ən çox Volqa çayı axır. Ancaq onda da Atlantik okean və iqlimdə baş verən dəyişikliklər nəticəsində artıq xeyli azalma var".

Türkan İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.