"Məhkəmə mənim qətnaməmi icra etmirsə..." - Şeyx Əbdül vətəndaşlara müraciət etdi

 13:05 23.11.2024     126

Xəbər verdiyimiz kimi, Sabirabadda icra başçısının müavini  vətəndaşı məhkəməyə verib və Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən məsuliyyətə cəlb edilməsini tələb edib. Oxşar hadisə Cəlilabadda da baş verib. Beləki, qohum olan icra nümayəndəsi və bələdiyyə sədri onların fəaliyyətindən ölkə rəhbərliyinə şikayət edən iki Qarabağ əlilini və daha iki kənd sakinini məhkəməyə verib və ümumilikdə 16 min manat təzminat tələb edirlər. Hazırda məhkəmə prosesi davam edir. 

Bəs məmurların bu cür fəaliyyətlə məşğul olması nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan kinorejissor Şeyx Əbdül Mahmudbəyov bildirdi ki, məmurların vətəndaşları məhkəmə yoluyla susdurmağa cəhd etməsi yolverilməzdir:

 "Gəncliyimdə məmurlardan biri mən də daxil olmaqla 4-5 nəfəri öz bilyard zalına qonaq çağırmışdı. Bir neçə saatdan sonra qəribə sual verdi, "Bilirsiniz, mən bu mərtəbəyə necə çatmışam?". Maraq göstərib, soruşdum ki, necə çatmısınız, dedi şərləmə ilə. Dedim necə yəni? Dedi ki, kimdən işin keçir, kimi qabaqlamaq istəyirsən, şərlə. Yəni bu gün də bəzi rayonlarda məmurlar, dövlət strukturları belə işlərlə məşğuldurlar. Camaata böhtan atırlar, bəlaya salırlar, özlərindən yuxarıdakılara yaltaqlıq edirlər. Artıq bu, idarəçilik sistemi kimi formalaşıb. Camaatda da sübut, dəlil yox məcbur pul ödəməli olur.  

Xalq artisti qeyd etdi ki, illər öncə Bakının keçmiş meri Hacıbala Abutalıbova qarşı məhkəmədə qaldırdığı iddialarda xeyrinə qətnamə çıxarılsa da, qərar icra olunmur:

"Əgər mən Azərbaycanda sənət sahəsində mümkün olan bütün dövlət mükafatlarını alan, filmləri, adı-sanı olan bir adam, əlimdə üç məhkəmə qətnaməsi ilə Karlson kimi daxmada qalmışamsa, bu məhkəmələrin heç bir qətnaməsinə tüpürən belə yoxdursa, adi vətəndaş nə edəcək? Bir çox dövlət orqanlarına müraciət etmişəm, amma ortada bir şey yoxdur. O, adi adamların ağılları olsun ki, özlərini oda atmasınlar, gözləsinlər İnşallah hardasa mükəmməl şəkildə məhkəmələrimizdə ədalət bərpa olunanda haqlarını tələb edə bilərlər. Eləsi var düşünür ki, sübut edə biləcəm, qanunla həll edəcəm və sairə. Bunların hamısı cəfəngiyyatdır".

Türkan İSGƏNDƏRLİ