AİB sədri "Qara Cümə"dən DANIŞDI - İstehlakçıların ən çox aldadıldığı gün
Hər il noyabr ayının son cümə günü dünya mağazalarında "Black Friday” ("Qara Cümə") adı ilə endirimlər təşkil olunur. Bu ənənə Azərbaycanda da mövcuddur. Təəssüf ki, sözügedən endirim kampaniyaları sadəcə geyim sektorunu əhatə edir, qida məhsullarına isə aid edilmir.
İstənilən halda 75%, hətta bəzən 90%-dək endirimlər təklif olunan "Qara Cümə"nin əsl məqsədi nədir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında bildirib ki, "Qara Cümə" bütün dünyada istehlakçıların ən çox aldadıldığı gündür:
"Qara Cümə"nin tarixi XVIII əsrə qədər gedir. Nəhayət, 1952-ci ildə "Qara Cümə" təşkil olunan zaman mühasibatı yoxlayıblar ki, görsünlər zərərə düşüblər, yoxsa xeyir qazanıblar. Bəlli olub ki, qırmızı (ziyan) yoxdur, ancaq qara (gəlir) var. "Qara Cümə" günü, əslində, hüquqlarını bilməyən, marketoloqların tələsinə düşən insanların aldanmasının qara günüdür. Həmin gün ən keyfiyyətsiz, standartlara uyğun olmayan, satışdan çıxarılan, qaytarılmış malların istehlakçılara sırınması günüdür. Ona görə bu kampaniya ərzaq mallarında özünü büruzə vermir ki, ərzaq malları müəyyən partiya ilə buraxılır və standarta uyğun olur. Burada saxta mal az olur, yeni istehlakçını aldatmaq imkanı azdır".
E.Hüseynov qeyd edib ki, xüsusən texniki cihazlarda istehlakçının aldadılması daha geniş yayılıb:
""Qara Cümə"dən sonra Azad istehlakçılar Biriliyinə gələn şikayətlərin məzmunu təxminən belə olur: "Malı böyük endirimlə aldım, gətirdim, gördüm tələbatıma uyğun deyil və yaxud düzgün işləmir. Dəyişmək və ya qaytarmaq istədim. Dedilər ki, bunu endirimdə almısan deyə qaytarılmır", yaxud "Məhsul seçdim, dedilər ki, buna "Qara Cümə" endirimləri şamil deyil". Yəni burada əsas odur ki, alıcını qapıdan içəri salsınlar. Bütün hallarda istehlakçılara məsləhət görürəm ki, "Qara Cümə" günündə mal alanda çox sevinməsinlər. Müxtəlif texniki vasitələr alanda satıcının yanında onun bütün düymələrini, funksiyalarını yoxlasınlar. Televizor alırlarsa, ordaca onun antenaya qoşulmasını yoxlasınlar. Adətən, televizor satanların bir hiyləsi var ki, bizdə antena olmur. Bilərəkdən ekranda hər hansısa video material göstərirlər. İstehlakçılar isə gərək tələb etsinlər ki, antena ilə yayım yoxlanılsın. Məhsul üçün mütləq zəmanət talonu alsınlar, kassa çekini uzun müddət saxlasınlar. İstehlakçı hüququ pozularsa, Azad İstehlakçılar Birliyinə ərizə ilə müraciət etsinlər, yaxud "195" qaynar xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər",
Sevinc İBRAHİMZADƏ