Hansı torpaqlarda tikinti işləri görmək QADAĞANDIR? - Ekspert tələbləri İZAH ETDİ

 17:00 23.11.2024     138

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyinatlı torpaq sahələrini hərrac yolu ilə satışa çıxarır. Torpaq sahələrinin satışı kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlıq, fərdi yaşayış evinin tikintisi və sahibkarlıq fəaliyyətinin göstərilməsi kimi kateqoriyalar əsasında həyata keçiriləcək.

Bəs bələdiyyə torpaqlarında tikinti işləri aparmaq, ev inşa etmək qanunla icazəlidir? Bunun üçün hansı şərtlər var?

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Redaktor.az-a danışarkən bildirib ki, həmin torpaqların əksəriyyəti icarə torpaqlarıdır və burada əsas məsələ mülkiyyət hüququ deyil, icarə hüququnun satışıdır:

Vüqar Oruc: “Sosial rifahın yüksəlməsi üçün yeni impulslar yaranacaq” -  FED.az

"Həmin torpaqları əldə edən şəxslər bu müddətdə icarə hüququnu almış olacaqlar və torpaqlardan istifadə edəcəklər. Əgər torpaqlar bələdiyyə mülkiyyətindədirsə, yenə də şəxsi mülkiyyətə verilmir və həmin torpaqlar istifadə üçün təqdim olunur. Bu, qanunvericiliyə uyğun belə müəyyənləşir. Hərraca çıxarılmaya gəlincə isə, hərrac hüquqları da və yaxud icarəni də sata bilər. Burada hər hansı qanuna zidd məsələ yoxdur. Digər tərəfdən, əgər müvafiq torpaqlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirilərsə, sonradan qaydalara uyğun olaraq hərraca çıxarılıb digər şəxslərin mülkiyyətinə verilə bilər. Hökumətin bu mənada istənilən torpağın təyinatına və kateqoriyasına uyğun istifadəsi üçün müvafiq sərəncam verib dəyişikliklər etmək hüququ var, o halda ki, həmin torpağın sözügedən istiqamətdə istifadəsinə hər hansı bir əngəl yoxdur. Çünki qanunvericiliyə görə, hər hansı bir torpaq hərraca çıxarılırsa və yaxud bir şəxsin mülkiyyətinə verilirsə, onun əvvəli dövlət mülkiyyətində və ya bələdiyyə mülkiyyətində idisə, mütləq müvafiq instansiyalardan həmin torpağın istifadəsi üçün icazələr alınır. Həmin Dövlət qurumları etirazını bildirmədiyi təqdirdə bu torpaqların gələcək taleləri həll olunur və onların həm kateqoriyalarında, həm statuslarında, həm də mülkiyyətçilərində müvafiq dəyişikliklər həyata keçirilir".

Ekspert eyni zamanda torpağın statusundan da bəhs edib:

"Əgər torpağın statusu məhz kənd təsərrüfatı təyinatlıdırsa, onun üzərində tikinti işləri aparmaq olmur.  Nazirlər Kabinetinin son etdiyi dəyişikliklərə əsasən, həmin torpaq sahəsinin yalnız bir hissəsində təyinatı üzrə sırf kənd təsərrüfatı məhsullarının istehsalı və yaxud sahibkarlıq fəaliyyətinin təşkili məqsədilə müəyyən tikililər inşa etmək olar. Amma status kənd təsərrüfatıdırsa, orada yaşayış evlərini tikmək olmaz. Əgər torpaq yaşayış təyinatlıdırsa, onun üzərində qeyri-yaşayış obyekti tikmək olmaz. Bu məsələlərdə mütləq təyinatlara və kateqoriyalara əməl olunmalıdır".

Sevinc İBRAHİMZADƏ