Yüksək ixtisaslı miqrant kimdir? - Yeni qərarla bağlı ŞƏRH

 16:52 27.11.2024     350

"Azərbaycanda əmək miqrasiyası sahəsində belə bir qayda var ki, ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi miqrant ölkəyə iş icazəsi ilə daxil olur və qanunvericiliklə müəyyən olunmuş prosedurlara uyğun olaraq davranır. Bu zaman o, aidiyyətı strukturlara müraciət edir və həmin şəxs miqrasiya uçotuna alınır. Bundan sonra o, iş icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müracət edir və bir pəncərə sistemi üzrə sənədlərini təqdim edir. Daha sonra ona iş icazəsinin verilib-verilməməsi ilə bağlı müxtəlif qurumlardan toplanılan rəy əsasında qərar çıxarılır. Bu qərarda da əmək bazarındakı mövcud vəziyyət dəyərləndirilir. Məsələn, bu şəxsin iddialı olduğu vəzifəyə yerli mütəxəssis var, yoxsa yoxdur?"

Bu sözləri millət vəkili Azər Allahverənov Prezidentin "Azərbaycan Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"sini Redaktor.az-a şərh edərkən bildirib.

"Birincisi, qanunvericilikdə yüksək ixtisaslı miqrant ifadəsi yox idi. Ancaq artıq bizim qanunvericilikdə yüksək ixtisaslı miqrant kateqoriyası göstərilir. Ən azından vahid miqrasiya sistemi haqqında əsasnamədə bu ifadə geniş şəkildə təsbit olunur, yəni artıq miqrantların yüksək ixtisaslı olması faktı qanunvericilikdə nəzərdə tutulur". 

Bəs həmin şəxsin yüksək ixtisaslı miqrant olmasını kim müəyyən edir?

Millət vəkilinin sözlərinə görə, bunu aidiyyəti strukturlar müəyyən edə bilər:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,TƏBİB, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və s. buna misal ola bilər. Hansı sahədə şəxsin keçmiş təcrübəsi, o sahədə bilik və bacarıqlarını təsdiq edən sənədlər varsa, həmin mərkəzi icra hakimiyyəti orqanı tərəfindən şəxsin kateqoriyasına uyğun olaraq ona bal və sertifikat verilir ki, şəxs yüksək ixtisaslı miqrantdır və bu barədə informasiya vahid miqrasiya məlumat sisteminə daxil edilir".

A.Allahverənov vurğulayıb ki, şəxsin yüksək ixtisaslı miqrant olması müəyyən mənada ayrıca bir kateqoriyadır və üstünlükləri var:

"Yüksək ixtisaslı miqrantın ailə üzvlərinin də qanunvericilik tərəfindən verilən imkanlardan yararlanması üçün şərait yaradılır. İstənilən dövlətdə yüksək ixtisaslı miqrantlarla bağlı xüsusi qaydalar mövcuddur. Onların iş prosesinə cəlb, əmək fəaliyyətinə cəlb olunması, əlavə güzəştlərin tətbiq olunması və digər məsələlər bir sıra dövlətlərdə var. Azərbaycanda da bu, ayrıca olaraq sertifikatlaşdırılmış miqrant kateqoriyası kimi müəyyən edilir və təbii ki, əmək bazarında rəqabətə dözümlüyün, həmin ixtisasa olan ehtiyacın təmin olunmasına şərait yaradır. Qanunda da öz əksini tapdığı kimi, aidiyyatı üzrə bizim digər strukturlar bununla bağlı müəyyən təkliflər, uyğunlaşdırma işləri və digər məsələləri həyata keçirməlidirlər. Konkret keyslər üzərində bu mexanizmin artıq necə işlədiyini biz görəcəyik. Düşünürəm ki, bu həm də gələcəkdə yüksək ixtisaslı miqrantların əmək fəaliyyətinə cəlb olunması üçün əlavə imkanların yaradılmasına səbəb olacaq. Bundan sonrakı proseslərdə qanunvericiliyə edilən dəyişikliklər, praktiki halların büruzə verilməsi kimi məsələlər artıq bu sistemin hansı fayda verəcəyini göstərəcək".

Sevinc İBRAHİMZADƏ