"Bu iş cərimələri artırmaqla, çıxışlar etməklə düzəlməyəcək" - Ərşad Hüseynov

 09:33 28.11.2024     259

"Dünən axşam Tovuzda baş verən faciəvi qəza çılpaq bir həqiqəti bir daha göstərdi. Dünya mediasının da gündəminə düşəcək bu qəza təkrarən göstərdi ki, yol-nəqliyyat sahəsində əsas problem nə taksi məsələsi, nə avtobus zolağı məsələsi, nə cəriməni artırmaq, nə cərimədən yayınmaq üçün yollar axtarmaq məsələsi deyil. Əsas məsələ və əsas hədəf real yol hərəkəti təhlükəsizliyi olmalıdır. Bu təhlükəsizlik sahəsində atılmalı olan real addımlar da 2018-ci ildə qəbul edilən, icra müddəti ötən il bitən və kağız üzərində qalan Dövlət proqramında idi"

Redaktor.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov dünən 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi haqqında danışarkən deyib. 

O, daha sonra bunları əlavə edib:

"Bu proqramda sürücü olmaq işinə yenidən baxılmasından başlamış dünyagörüşünü dəyişən, həqiqi təhlükəsiz davranış mədəniyyəti formalaşdıra bilən maarifləndirməyə qədər hər şey yazılmışdı...

Bir daha vurğulamaq istəyirəm ki, bu iş cərimələri artırmaqla, daha çox cərimə yazmaqla, yeni terminlərdən istifadə edərək gözəl çıxışlar etməklə düzəlməyəcək. Yanaşmalar dəyişməlidir, real iş görülməlidir. Dünyada bu problemdə əsaslı dönüşə nail olmuş ölkələrin təcrübəsində sınaqdan keçmiş həqiqi işlər görülməlidir. Həmin işlər çoxdur, hamısı da Dövlət proqramında yazılmışdı...

Bir qəzada 5-i say-seçmə hərbi qulluqçu olmaqla 6 nəfərin həlak olması, 1 nəfərin ağır yaralanması (təəssüf ki, 13 yaşlı bu yeniyetmənin də həyatının risk altında olduğu qeyd edilir) çox ağır nəticədir. Bu, az qala ciddi bir döyüş əməliyyatının itkisidir. Ən ağrılısı odur ki, bütün bu itkilər olmaya da bilər...

Allah ölənlərə rəhmət eləsin, Yaralı yeniyetməyə tezliklə sağalmağı arzulayıram".

Vasif ƏLİHÜSEYN