"İnsanlar öz torpaq sahələrindən istəsələr istifadə edə bilərlər, istəməsələr etməzlər" - AÇIQLAMA

 16:22 03.12.2024     813

İstifadəsiz qalmış bir çox şəxsi mülkiyyətdə olan torpaq sahələri var ki, əksəriyyəti də elə məhz bölgələrdə yerləşir. Bəs bu torpaqlar dövlət tərəfindən hansı hallarda istifadə olunur?

Bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Redaktor.az-a açıqlamasında bildirib ki, şəxsi mülkiyyətdə olan torpaq sahəsini istifadə edib-etməmək vətəndaşın qərarıdır, ona kimsə müdaxilə edə bilməz:

"Məsələn, vətəndaş orada nəsə tikmək istəyir, amma bu gün maddi imkanı yoxdur.  Yaxud onun torpağa bir investisiya yatırmaq üçün lazım olan kredit resurslarına və digər maliyyə mənbələrinə çıxışları yoxdur. Ola da bilər ki, gələcəkdə baha bir qiymətə satmağa saxlayır ki, digər zəruri ehtiyaclarını ödəsin və s. Hər bir halda xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə bağlı, yalnız kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, qərar iki il əvvəl qəbul olunub, amma qərarın icrası istiqamətində də müəyyən problemlər var və bu vətəndaşın istəyindən asılıdır".

Ekspertin sözlərinə görə, çalışmaq lazımdır ki, insanların  mülkiyyətində olan bu cür torpaq sahələrinin maksimum dərəcədə istifadəsi təmin olunsun:

"Vətəndaşların kredit resurslarına çıxışları olsun ki, həmin torpaq sahələrini girov qoymaqla kredit götürüb hansısa bir addım atsın və yaxud digər maliyyə mənbələrinə çıxışları olsun. Amma təəssüflər olsun ki, Azərbaycanda bu gün bank sektorunun torpaq girovuna yanaşması bir qədər fərqlidir. Bunun da səbəbi devalvasiyaya qədər olan dövrdə baş verən müəyyən proseslərlə bağlı olan məsələlərdir. Problemli kreditlər də torpaq girovlarının payının həddən artıq yüksək olması və o girovların müvafiq bazar dəyərinə əsaslanaraq deyil, şəxsi münasibətlərə əsaslanaraq qiymətləndirilməsi ilə bağlıdır. Ona görə də, vətəndaşlar öz torpaq sahələrindən istəsələr istifadə edə bilərlər, istəməsələr etməzlər".

Sevinc İBRAHİMZADƏ