"Nazirlər Kabinetində ciddi struktur dəyişikliyinə ehtiyac var" - Vahid Əhmədov
"Azərbaycan hökumətinin təkmilləşdirilməsinə ehtiyac var".
Bunu Redaktor.az-a açıqlamasında keçmiş millət vəkili, iqtisadçı Vahid Əhmədov bildirdi.
Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabinetində ciddi struktur dəyişikliyi həyata keçirilməlidir:
"Müəyyən nazirliklər, xidmətlər birləşdirilməlidir və daha çevik işləyən hökumət formalaşdırılmalıdır. Belə məsələlər mütəmadi gündəmdə olur. Amma bunlar hamısı dövlət başçısı cənab İlham Əliyevin səlahiyyətində olan məsələlərdir".
İqtisadçı neftlə bağlı məsələlərə də toxundu.
"Son vaxtlar Azərbaycanın gəlirləri müəyyən qədər olsa da, neftin qiymətində ciddi problemlər yaranır. Xüsusilə Amerika seçkilərindən sonra Donalt Tramp deyir ki, neftin qiyməti 50 dollar olacaq. O zaman müəyyən qədər saxlama xərcləri artır. Ona görə də saxlama xərclərini azaltmağa ehtiyac olar. Bu da bəzi qurumların birləşməsi vasitəsilə həyata keçirilə bilər", - deyə Vahid Əhmədov vurğuladı.
Sevinc İBRAHİMZADƏ