"Yeni il qabağı bazarlarda qiymətlər qalxacaq" - İqtisadçı
Yeni il bayramına sayılı günlər qalıb. Artıq insanların çoxu hazırlıqlara başlayıblar. Bəziləri bayramı hansısa xarici ölkədə, yaxud regionda qarşılamağı seçir, bəziləri isə öz evində qeyd etmək niyyətindədir. Onlar süfrəni hər cür naz-nemətlə doldurmaq istəyirlər ki, yeni ili bolluqla, bərəkətlə qarşılasınlar. Bəs bayramqabağı ölkə bazarlarında bahalaşma gözlənilir?
Bu barədə iqtisadçı Natiq Cəfərli Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda uzun illərdir ənənəvi olaraq, Yeni il qabağı, eləcə də Novruz bayramından öncə tələbin yüksəlməsi nəticəsində ərzaq məhsullarının qiyməti artır:
"Gündəlik tələbat malları da daxil olmaqla, yeni il süfrəsinin qurulmasında istifadə olunan əsas məhsullar nədirsə, hamısında qiymət artımı müşahidə olunacaq. Bu həm də mövsümlə əlaqəlidir, çünki təqribən noyabrdan sonra yerli məhsulların bazara çıxmasında müəyyən çətinliklər olur. Onların sayı, həcmi azalır. Eyni zamanda yerli istehsalımız zəifdir və buna görə xaricdən daha çox məhsullar gətirilir. Dünyada daşınma xərclərində də artımlar müşahidə olunur".
İqtisadçı qeyd etdi ki, 10-15 ildir ki, bayramqabağı ərzaq məhsulları qiymətlərində başqa dövrlərə nisbətən daha çox artım görə bilirik.
Sevinc İBRAHİMZADƏ