Binaların həyətində yerə maşın nömrəsi yazmaq qadağandır - CƏRİMƏSİ VAR
Bakıda bəzi insanlar yaşadığı binanın həyətində, yaxud yaxınlıqdakı ərazidə yerə avtomobilinin nömrəsini yazaraq orada yalnız özü maşın saxlayır.
Bəs bu qanunidirmi və qanunsuzdursa, buna qarşı hansı tədbirlər görülməlidir?
Məsələ ilə əlaqədar nəqliyyat eksperti Yasin Mustafayev Redaktor.az-a açıqlamasında bildirdi ki, qanunsuz parklanmaya görə, 21 iyun 2024-cü ildə Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsinə əlavə dəyişiklik edilməsi ilə bağlı qərar qəbul edib. Bu, demək olar ki, parklanma ilə bağlı qanunda olan boşluqları tamamən doldurur:
"Təbii ki, yaşayış zonalarında, həyətlərdə, məhəllələrdə qanunsuz parklanma yaratmaq məsuliyyət yaradır və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə ona müəyyən edilmiş cərimə tətbiq edilir. Dövlət avtomobil yollarında səlahiyyətli olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, həmçinin parklanma xidmətlərinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manat məbləğində, vəzifəli şəxslər isə 300 manatdan 500 manat məbləğində cərimə edilir. Həmçinin qanunda nəzərdə tutulub ki, bu görülən cəza tədbiri nəticəsində yenə də həmin şəxs əməlinə davam edərsə, 15 günədək azadlığı məhdudlaşdırıla bilər və 1500 manatdan 2 000 manata qədər məbləğdə cərimə edilə bilər".
Sevinc İBRAHİMZADƏ