"Velosiped zolaqları tıxacları aradan qaldıracaq" - Razi Nurullayev
"İndi psixoloqların bir çoxları bunu reklam alətinə çeviriblər. Buna görə də burada da insanlarda inamsızlıq yaranıb. Çünki psixoloqlar televiziya ekranlarından bəzi problemlərin müalicəsi ilə bağlı çağırışlar edirlər. Amma onların müalicəsi mümkün deyil. İnsanlarda da bir az buna görə də inamsızlıq yaranır".
Bu sözləri Redaktor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev dedi. O, həmçinin yollara çəkilən velosiped zolağı ilə bağlı narazılıqlardan da danışdı. Komitə sədrinin sözlərinə görə, bu, tıxacların aradan qaldırılmasına səbəb ola bilər.
"Bakıda velosiped yolları çəkilib. İndi 30 kilometrə yaxındır. Gələcəkdə 700 kilometrə çatdırılacaq. Mən buna sevinirəm, alqışlayıram və bunu tənqid edənləri də başa düşmürəm, düşmək də istəmirəm. Ona görə ki, velosiped sürmək sağlamlıqdır. Bütün dünyada bu belədir və biz buna keçməliyik. Həm də bu, tıxacların aradan qaldırılmasına səbəb ola bilər. İndi insanlar düşünür ki, bu yollarda tıxacların əmələ gəlməsinə səbəb olur. Velosiped yolları ona görə salınıb ki, insanlar yavaş-yavaş maşından düşüb, velosipedlə getməyə üstünlük versinlər. Hələ ki, bunu etmək istəyən yoxdur. Amma bu addım atılmalıdır ki, bir neçə ay sonra bu ənənə formalaşsın. İnanıram ki, yaz ayından başlayaraq artıq yollarımızda minlərlə velosiped və skuterdə gedən insanları görəcəyik", - deyə deputat qeyd etdi.
Türkan İSGƏNDƏRLİ