Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir - AÇIQLAMA
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Bakıda 200-dən çox qəzalı bina, yəni 7000-dən çox mənzilin təhlilini aparıb.
Redaktor.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Dövlət Komitəsinin sədri Anar Quliyev deyib.
"Bakıda və digər şəhərlərdə bir çox qəzalı binalar mövcuddur. Bu binaların müəyyənləşdirilməsi ilə bağlı işlərə Fövqəladə Hallar Nazirliyinin rəyləri və vətəndaşların müraciətləri əsasında əvvəlki dövrlərdə başlanılıb. Hazırda Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Komitə tərəfindən 200-dən çox belə bina, yəni 7000-dən çox mənzil təhlil edilib", - A. Quliyev bildirib.
Onun sözlərinə görə, indiyədək bu mənzillərin təxminən yarısının inventarizasiyası başa çatdırılıb və bir neçə ünvanda artıq praktiki işlərə başlanılıb:
"Bu proses çərçivəsində həm özəl tikinti şirkətləri investor qismində cəlb edilir, həm də dövlət vəsaiti hesabına qəzalı vəziyyət aradan qaldırılır. Hazırda təxminən 1000 mənzildə işlər aparılır, 600-dən çox mənzil sahibinin problemi isə artıq həllini tapıb. Bu istiqamətdə işlər davam etdirilir və yaxın zamanda daha çox mənzilin vəziyyətinin həll olunması gözlənilir".
Komitə sədri vurğulayıb ki, işlərə dəqiqliklə yanaşmaq üçün özəl qiymətləndiricilər də prosesə cəlb olunub və məsələlərin ardıcıllıqla həlli planlaşdırılır.