Spirtli içkilər niyə aşağı qiymətə satılmayacaq? - SƏBƏBİ AÇIQLANDI

 16:49 12.12.2024     475

Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılması hallarına görə yeni cərimə müəyyənləşəcək. Yeni qanuna əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması hallarına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 800 manat məbləğində, hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə ediləcək.

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, qiymətə müdaxilə etmək aksissiz məhsulların bazara yol açmasına şərait yaratmış olacaq:

"Hər hansısa bir məhsullarda qiyməti qalxanda və yaxud bazara müdaxilə etmək, qiyməti qaldırmaq və yaxud hər hansı minimum qiymət həddi təyin etmək hər zaman müsbət nəticələr vermir. Əgər alkoqollu içkilərin qiymət məsələsi müəyyənləşərsə və minimum qiymət həddi tətbiq edilərsə, artıq burada aksissiz məhsulların bazara yol açmasına şərait yaranmış olacaq. Bununla da alıcılar ucuz qiymətə məhsullar axtarmağa başlayacaqlar. Bu isə bazarda insan sağlamlığı üçün ziyanlı məhsulların ayaq açmasına gətirib çıxara bilən amillərdəndir. Minimum qiymət həddinin təyin olunması alkoqolizmin qarşısını almağa heç bir xidmət edə bilməz. Bəzən insanlar apteklərdən tibbi spirt alır, gözəyarı su ilə qatıb istifadə edirlər. Bu, insan sağlamlığı üçün müəyyən fəsadlar törədə bilər, daxili orqanlarda izlər buraxa bilər".

Ekspertin sözlərinə görə, aksiz markasında problem olan, gizli fəaliyyət göstərən sexlərdə istehsal olunan məhsullar insan sağlamlığına ciddi zərər vurur.

"Aksiz markasında problem olan, gizli fəaliyyət göstərən sexlər var. Bu günləri onların xammalının mənbəyi, istehsal olunan spirtin tərkibi haqqında heç bir fikir yürütmək olmur. Bu cür sexlər, xüsusi işbazlar var ki, spirtlərdən araq hazırlayaraq, insanların sağlamlığına bilavasitə ziyan vururlar. Bunlara qarşı mübarizə metodu tətbiq olunmalıdır. Bu, daha məqsədəuyğun olardı ki, bu günləri xüsusi bir qrup yaradılardı. Yəni bu cür işbazların bazarlarda, hansı ki, insan sağlamlığına birbaşa təsir edən spirtli içkilərin satışının qarşısı alınmalıdır. Təbii ki, mütəmadi olaraq bunlar aşkarlanır, bunlara qarşı müəyyən reydlər keçirilir", - deyə İlkin Şirinov bildirdi.

Türkan İSGƏNDƏRLİ