"Görəsən provayderlər bu dərəcədəmi İKTA üçün təhlükəlidir ki, adi şikayət reytinqini açıqlaya bilmir?"

 16:17 16.12.2024     335

"İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) növbəti dəfə E-şikayət sistemində formalaşan datanı açıqlayıb. Faydalı məlumatlar da var. Amma İKTA yenə də ən çox şikayət olunan provayderlərin siyahısını açıqlaya bilməyib".

Redaktor.az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün feysbuk hesabında yazıb.

"Məəttəl qalıram. Görəsən provayderlər bu dərəcədəmi İKTA üçün təhlükəlidir, bu dərəcədəmi basqılar var ki, adi şikayət reytinqini açıqlaya bilmir? Görəsən ictimaiyyətin hansı provayderdən daha çox şikayət olunduğunu bilməsi hansı riskləri yaradır bu tənzimləyici quruma?

Təsəvvür edin ki, İKTA şikayətçilırin cins bölgüsünü paylaşır, amma ən çox şikayət olunanı paylaşmağa cəsarət etmir. Vallah, çox təəssüflənirəm. Heç olmasa siyahını bizə, ya mediaya sızdırın ki, sizin əvəzinizdən paylaşım olsun. İctimai qınaq olsun ki, xidmət keyfiyyəti də yaxşılaşsın.

Heyf idi, min bir əziyyətlə bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq yaradasan, çox faydalı bir E-şikayət sistemin ola, bütün provayderləri uçota alasan, ictimai əhəmiyyət kəsb edən gözəl, səliqəli bir data ola, amma paylaşa bilməyəsən.

Məhz bu səbəbdən biz 30 il olardı ki, müstəqil tənzimləyici qurum arzulayırdıq.

Artıq ehtiyac var ki, biz vəkillərlə məsləhət edək.

Növbəti dəfə də İKTA keyfiyyətsiz xidmət göstərən provayderlərin siyahısı əvəzinə şikayətçilərin cinsi, yaxud boyunun ölçüsünü paylaşsa, biz gərək problemin məhkəmə perspektivini nəzərdən keçirək", - deyə O.Gündüz yekunlaşdırıb.

T.İSMAYIL