Restoranlara ulduz verilməsi nəyi dəyişəcək? - "AQTA sertifikatları sağa-sola paylayıb" - AÇIQLAMA
Bu ilin may ayında ölkəmizdə restoranlara da hotellər kimi ulduz kateqoriyalarının verilməsi ilə bağlı proseslərə start verilib.
Bəs restoranlara ulduz verilməsi, qiymətlərə, keyfiyyətə necə təsir edəcək?
Mövzu ilə əlaqədar Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, hotellərin kateqoriyaya bölünməsi ilə restoranların ulduz təsnifat sisteminə qatılması tamamilə fərqlidir:
"Bu təşəbbüs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) çıxıb. Biz heç başa düşə bilmirik ki, bu, niyə onlardan çıxmalıdır? AQTA restoranların işi ilə məşğul olur, yoxsa ancaq qida təhlükəsizliyi məsələləri ilə məşğuldur? Çünki restoran fəaliyyəti yalnız qida təhlükəsizliyi ilə kifayətlənmir, digər qaydalar, tələblər də var. Bəyanatda belə göstərilib ki, risk göstəriciləri əsasında 3-5 ulduzluq reytinq yaranacaq. Ola bilər ki, ulduz sözü burada kimisə çaşdırır. Amma hotellərin təsnifat sistemi ilə bunu qarışdırmayaq. Qiymətəmi, keyfiyyətəmi təsir göstərəcək, ya ümumiyyətlə nəyəsə təsir göstərəcəkmi, bu barədə indi nəsə demək çətindir. Qoy bu tətbiq edilsin, 2, 3, 5 restoran ora müraciət etsin, sonra bunun nəticəsi ilə bağlı fikir bildirmək olar".
O qeyd etdi ki, hər hansısa yeni qaydaların, yeni tələblərin tətbiq edilməsi çox gözəldir, amma onların icrası zamanı bir çox boşluqlarla üzləşirik:
"Hansılar ki, həmin o qəbul olunmuş qaydaların tətbiq edilməsinə, tam realizə edilməsinə bir qədər mane olur. Bu günə qədər AQTA hansısa restoranlara sertifikat və yaxud onların fəaliyyətini tənzimləyən bir sənəd tətbiq etməyibmi? Edib. Bizim də heç vaxt xoşumuza gəlməyən, xidmət qaydasını pozan, qida təhlükəsizliyi qaydalarına, şəxsi gigiyena qaydalarına riayət etməyən restoran, kafe, dönər, fəstfudların üzərində AQTA tərəfindən verilmiş sertifikatlar var. Məncə, əvvəl gərək biz bu məsələni bir tənzimləyib qaydaya salardıq, ondan sonra digər reytinqlərə əl atardıq. Mən düşünürəm ki, bu yersiz idi. Ümumiyyətlə, bu reytinqin ortaya atılmasından əvvəl həmin qurum verdiyi sertifikatları sağa-sola paylayıb. Burada müəyyən uyğunsuzluqlar var ki, onları aradan qaldırmaq lazımdır. Daha sonra hansısa yeni sistemə əl atmaq olar", - deyə Samir Dübəndi bildirdi.
Sevinc İBRAHİMZADƏ