Azərbaycanda məhkəmələr və hakimlərlə bağlı vacib YENİLİK

 18:25 16.12.2024     102

Məhkəmə-Hüquq Şurasının hüquqları artırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklərlə bağlı Fərmanında qeyd edilib.

Qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:

- vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

- Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

- İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

- məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.

Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub.

Həmçinin hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşdırılmış orqanı – Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq.

Bundan başqa, vakant hakim vəzifələrinə namizədlər üçün təhsil müəssisəsində ilkin uzunmüddətli kursların təşkil edilməsi səlahiyyəti Ədliyyə Nazirliyinin Akademiyasına həvalə edilib.