"Jurnalist saxta məlumatların ötürücüsü olursa, başqalarından necə peşəkar yanaşma tələb oluna bilər?"
"Ötən əsrin əvvələrindən bir sıra ölkələrdə, xüsusilə də aparıcı ölkələrdə tədris olunan media savadlılığı son vaxtlar Azərbaycanda çox aktuallaşıb. Əslində, bu, çox mühüm və gərəkli bir sahədir. Ona görə ki, yaşadığımız dövrdə cəmiyyətin istənilən təbəqəsi informasiya axınına məruz qalır. Ələlxüsus da saxta məlumatlar daha çox sosial mediada tüğyan edir".
Bunu AZ TV-nin Teleradio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin (MILCA) rəhbəri, PhD Almaz Mahmud sosial mediada qarşılaşdığımız xəbərin doğru olub-olmadığını necə yoxlamalı, informasiya manipulyasiyasını necə tanımalı mövzusunda Redaktor.az-a danışarkən bildirdi.
Onun sözlərinə görə, sosial mediada yayılan informasiya ilə düzgün rəftar çox çətindir:
"Əgər birbaşa sahəsi, işi, missiyası informasiya ilə bağlı olan jurnalist sosial mediadakı informasiya axınında “batırsa”, yanlış informasiyaların təkcə təsirinə düşmək deyil, eyni zamanda o, saxta məlumatların ötürücüsü olursa, o zaman başqalarından necə peşəkar yanaşma tələb oluna bilər? Qızıl bir qayda var: xəbəri oxu, onun təsirinə düşmə, tənqidi düşün, xəbəri saf-çürük et və ən azı iki mənbədən yoxla. Ən əsası və sadəsi isə bax, gör ki, o xəbəri kim yayıb?"
Almaz Mahmud qeyd etdi ki, saxta mənbə ilə etibarlı mənbəni mütləq bir-birindən ayırmaq lazımdır:
"Bunun üçün xəbəri birbaşa qəbul etmədən öncə araşdırmaq lazım gəlir. Amma tutaq ki, bir mühəndis sosial media profilində xəbər oxudu, indi nə etsin, işini atıb onu araşdırsın? O zaman belə çıxır ki, hər kəs həm də sanki jurnalist olmalıdır. Statistika göstərir ki, cəmiyyətlərdə əksər insanlar manipulyasının qurbanı olur. Bunun qarşısını qismən almaq isə yalnız maarifləndirici tədbirlər, treninqlər vasitəsilə ola bilər.
Baxın, 44 günlük Vətən müharibəsində sosial mediada yanlış, saxta xəbərlər yox idi, çünki ictimai qınaq var idi, ölkə naminə birlik var idi. Yayılacaq hansısa məlumatın cəmiyyətə ziyanlı ola biləcəyi xəbərdarlığı var idi. Demək, insanlar açıq beyinlə düşünsələr, təsirə düşməyə bilərlər".
Sevinc İBRAHİMZADƏ