Səssiz gələn təhlükə - Bu qaydalara əməl etməyənləri dəm qazı öldürə bilər
Bir neçə gündür ki, Azərbaycanda dəm qazından zəhərlənmələr və bundan dolayı ölüm hadisələri barədə informasiyalar oxuyuruq. Dəm qazı təhlükəsi hər zaman diqqət tələb edən bir məsələdir. Qaz cihazlarının düzgün istismar edilməməsi ciddi fəsadlara, hətta ölümlə nəticələnən bədbəxt hadisələrə səbəb ola bilər. Bu səbəbdən qaz məsələsində təhlükəsizlik tədbirlərinə diqqət yetirmək vacibdir.
Məsələ ilə bağlı Redaktor.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, qaz cihazlarının quraşdırılması və texniki baxışı yalnız ixtisaslaşmış şəxslər tərəfindən həyata keçirilməlidir.
"Qaz cihazı quraşdırılan otaqların havalandırma sistemi normativ tələblərə uyğun olmalıdır. Otaqda kifayət qədər hava olmadığı halda, yanma prosesi pozula bilər ki, bu da dəm qazının yaranmasına səbəb olur. Tüstü bacalarının işlək vəziyyətdə olması əsas şərtlərdəndir. İllərlə təmizlənməyən və ya çatışmazlıqları olan bacalar təhlükə mənbəyidir. Hər il azı iki dəfə tüstü bacalarının təmizlənməsi tövsiyə edilir. Otağın sahəsi də qaz cihazlarının təhlükəsiz istifadəsi üçün əhəmiyyətlidir. Məsələn, iki gözlü qaz sobası üçün otağın minimum sahəsi 8 kvadratmetr, üç gözlü üçün 12 kvadratmetr, dörd gözlü üçün isə 15 kvadratmetr olmalıdır. Əgər əlavə su qızdırıcı quraşdırılırsa, otağın sahəsi 20 kvadratmetrdən az olmamalıdır. Təhlükəsizliyin təminatı üçün qaz cihazı olan yerlərdə mütləq dəm qazı və qaz sızması əleyhinə dedektorlar quraşdırılmalıdır. Bu cihazlar qaz sızması və ya dəm qazı yaranan anda siqnal vasitəsilə təhlükə barədə xəbərdarlıq edir və qəza riskini minimuma endirir".
Ekspertin sözlərinə görə, hamam otaqlarında qaz cihazlarının quraşdırılması tövsiyə edilmir. Əks halda havalandırma sistemi və dedektorlar mütləq olmalıdır.
"Tüstü bacalarının tutulub-tutulmadığını yoxlamaq üçün yanılı parça və ya kağızı həmin hissəyə tutmaq olar. Tüstü bacaları ildə iki dəfədən az olmayaraq təmizlənməlidir. Yaxşı olar ki, bunu ixtisaslaşmış müəssisəyə həvalə etsinlər. Bağlı yerlərdə mütləq tüstü bacası, havalandırma, ventilyasiya və ya dəm qazı əleyhinə dedektor olmalıdır. Bütün bu tədbirlər dəm qazından qorunmağın əsasını təşkil edir və insan həyatının təhlükəsizliyini təmin edir", - deyə Nurəliyev vurğuladı.
Türkan İSGƏNDƏRLİ