Karyera planlaşdırarkən bu məqamlara diqqət edin - Mütəxəssisdən MƏSLƏHƏT

 14:08 20.12.2024     198

Gənclərin karyera planlaması gələcək uğurların təməlini qoyan vacib bir prosesdir. Bu mərhələdə onlar öz maraqlarını, bacarıqlarını və gözləntilərini müəyyən edərək uzunmüddətli məqsədlərini formalaşdırırlar. Düzgün karyera planlaması gənclərə təhsillərini və peşə seçimini məqsədlərinə uyğun istiqamətləndirməyə, hədəflərinə çatmaq üçün lazım olan imkanları dəyərləndirməyə kömək edir. Lakin bu yolda gənclərin qarşılaşdığı müəyyən problemlər var ki, bunlardan biri də cəmiyyətimizdəki sosial stereotiplərdir.

Mövzu ilə bağlı insan resursları üzrə mütəxəssis (HR) Nigar Temrazova Redaktor.az-a açıqlamasında bildirdi ki, karyeranın planlanması erkən dönəmlərdən, xüsusilə məktəb vaxtlarının sonuncu illərindən - 10-11-ci siniflərdən başlayır:

"Karyera planlaşdırarkən diqqət etməli olduğumuz məqamlar var: "soft skills" (yumşaq bacarıqlar) və "hard skills" (sərt bacarıqlar). Təbiidir ki, ilk növbədə yumşaq bacarıqları nəzərə alaraq, öz potensialımızı dəyərləndirməliyik. Burada "mən nəyi daha yaxşı bacarıram", "mən nədən zövq alaram", "hansı sahəyə yiyələnsəm, bir neçə ildən sonra oradan bezmərəm", "özümü daim inkişaf etdirərəm və bu karyera pilləsində addımlayaram" kimi fikirlər nəzərə alınmalıdır. Bununla yanaşı, burada qazanc məsələsi də öz yerini tapmalıdır. Həmin şəxslər düşünməlidir ki, qarşıdakı 5-10 ildə və hətta bundan uzun dönəmdə mənim seçdiyim sahə mənə bu gəliri gətirəcəkmi?"

Nigar Temrazova - Senior Human Resources Manager - NeftQazMash ASC |  LinkedIn

Mütəxəssisin sözlərinə görə, karyeranı normalda şəxs özü planlamalıdır, amma bir az erkən dönəmlərdə başlayır deyə kənardan təsir edən digər faktorlar da var:

"Biz anlamadan bizim şüur altımızda yer edə bilən faktorlar var: ailə, məktəb, ətraf mühit. Həmçinin ölkəmizdə sosial stereotiplər var ki, məsələn, "dövlət işi olsun, əməkhaqqının o qədər önəmi yoxdur" və s. Yaxud cavan bir kadr desə ki, mən hansısa təmir işində işləmək istəyirəm, bunun gələcəyi açıqdır, yaxud da öz biznesimi qurmaq istəyirəm, bu zaman valideynlərin, cəmiyyətin basqısı həmişə daha çox olur. Gənclərə "gəl, işimizi zəmanətə alaq, dövlət işində çalış" fikri yeridilir. Amma təbii ki, bu yanlış istiqamətdir. Biz gənclərə elə bir imkan tanımalıyıq ki, onlar fikirlərində azad olsunlar və inandıqları fikirlər üzərində öz potensiallarını inkişaf etdirsinlər".

N.Temrazova cəmiyyətdəki digər stereotipləri də misal çəkdi:

"Hər nə qədər yavaş-yavaş azalsa da, hələ də bölgələrimizdə rast gəlinən bir stereotip də var: kişi və qadın işləri. Məsələn, müəllimlik qadın işidir və yaxud sürücülük kişi işidir. "Qadın sürücü işləməz", "qadın müəllimlər daha çox irəli gedir", "kişi müəllim işləməz" və s. Bunlar da əlbəttə ki, gənclərin karyera yolunda onlara mane olur. İstəyərdim ki, bu stereotiplər tezliklə aradan qalxsın və gənclər azad, rahat şəkildə arzuladıqları işdə çalışa bilsinlər".

Sevinc İBRAHİMZADƏ