Həmkarları İlham Əliyevi təbrik ETDİ

 16:49 20.12.2024     170

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu, əziz dost.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Qeyd etmək xoşdur ki, qardaş Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə Türk dünyasında getdikcə daha mühüm rol oynayır, regionda liderliyini gücləndirir və Belarus Respublikasının etibarlı strateji tərəfdaşıdır.

Sizinlə bu yaxınlarda Bakıda görüşümü məmnunluqla xatırlayıram.

Mən dostluğumuzu və etimada əsaslanan şəxsi münasibətlərimizi, qarşılıqlı dəstəyi və müxtəlif platformalarda açıq konstruktiv dialoqumuzu yüksək qiymətləndirirəm.

Əminəm ki, qlobal iqlim forumunun - COP29-un və Dünya Liderləri Sammitinin uğurla keçirilməsi ölkənizin beynəlxalq nüfuzunu daha da gücləndirdi.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah, uğurlar, Azərbaycan dövlətinə isə Sizin rəhbərliyinizlə daimi qələbələr arzulayıram".

***

Digər təbrik məktubunu isə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ünvanlayıb.

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan bu gün Sizin rəhbərliyinizlə dövlətçiliyin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.

Əminəm ki, bərabərlik, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan ənənəvi dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”, - deyə məktubda bildirilib.

Eyni zamanda, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin də İlham Əliyevi təbrik edib:

"Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizin dostluq, tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əhəmiyyətli töhfənizi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş qərarların icrası üçün iqtisadi-ticari, elmi-texniki və mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi, müxtəlif istiqamətlərdə birgə nəhəng layihələrin həyata keçirilməsi məqsədilə böyük işlər görülür.

Əminəm ki, praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılması Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.

Sizinlə 2024-cü il noyabrın 13-də keçirilmiş görüşümüzü məmnunluqla xatırlayıram. Açıq və konstruktiv ünsiyyətimizi davam etdirməkdən şad olacağam.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

***

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ürəkdən gələn təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılan böyük uğurlar, ölkənin iqtisadi inkişafında, dünya arenasında nüfuzunun möhkəmlənməsində mühüm nailiyyətlər Sizin adınızla ayrılmaz surətdə bağlıdır.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram".