"Media savadlılığı hər kəs üçün vacibdir" - MEDİA könüllüsü

 18:03 20.12.2024     121

"Media savadlılığı insanların medianı və informasiya mənbələrini düzgün və tənqidi şəkildə anlaması, qiymətləndirməsi və istifadəsi bacarığıdır. Bu, müasir cəmiyyət üçün əhəmiyyətlidir, çünki insanlar gündəlik həyatlarında müxtəlif növ media mənbələrinə - televiziya, internet, sosial şəbəkələr, qəzetlər və sairə daha çox müraciət edirlər".

Bunu Redaktor.az-a açıqlamasında Media İnkişafı Agentliyinin (MEDİA) könüllüsü Nahid Arifoğlu media savadlılığının günümüzdəki vacibliyindən danışarkən bildirdi.

"Müasir dövrdə elmi-texniki tərəqqinin inkişafı nəticəsində, xüsusilə onlayn mediada xəbərlərin yayılması, insanların daha çox internet mənbələrindən istifadə etməsini nəzərə alaraq media savadlılığı demək olar ki, hər kəs üçün vacibdir. Saxta xəbərlərin (fake news) yayılmasının qarşısının alınması məqsədilə media savadlı olmaq üstünlük hesab olunur. Media mənbələrini tanımaq və qiymətləndirmək, tənqidi düşüncə, məlumatın məqsədini anlamaq, rəqəmsal (dijital) savadlılıq bu sahələrə misaldır. Media savadlılığı cəmiyyətin daha məlumatlı və tənqidi düşüncə tərzinə sahib fərdlər yetişdirməsinə kömək edir", - deyə o qeyd etdi.

Nahid Arifoğlu əlavə etdi ki, Medianın İnkişafı Agentliyi bu sahədə gənclərin, jurnalistlərin və digər ixtisaslı şəxslərin maarifləndirilməsi və məlumatlılığın artırılması istiqamətində müxtəlif konfranslar, tədbir, təlim, seminar və bu sahədə ixtisaslı şəxslərlə görüşlər təşkil edilir, bu istiqamətdə müxtəlif müsabiqələr və konkurslar təşkil olunur:

"Qaliblərə müxtəlif hədiyyələr və mükafatlar təqdim olunur. Məhz görülən bu tədbirlər media savadlılığının artırılması istiqamətində müsbət rola malikdir".

Sevinc İBRAHİMZADƏ