Bu şəxslər avtomobilini İTİRƏ BİLƏR - DİQQƏT!
Məlumdur ki, Azərbaycanda etibarnamə ilə avtomobil almaq mümkündür, lakin burada diqqətdə saxlanılası bəzi məqamlar var ki, sonradan avtomobil sahibinə problemlər yarada bilər.
Bəs etibarnamə vasitəsilə avtomobil almağın hansı riskləri var?
Mövzu ilə əlaqəfdar nəqliyyat eksperti Yasin Mustafeyev Redaktor.az-a açıqlamasında bildirdi ki, etibarnamə avtomobil alan kəsi hüquqi cəhətdən onun sahibi etmir.
Ekspertin sözlərinə görə, bu, sadəcə avtomobili idarə etmək və ya avtomobil sahibinin ona verdiyi səlahiyyətlə avtomobili özgəninkiləşdirmək üçün istifadə oluna bilər:
"Yəni etibarnamə ilə vətəndaş avtomobili sahibindən başqasına sata bilər, öz adına rəsmiləşdirə bilməz və bu, onun özünə aid olduğunu da bildirmir. Buna görə də etibarnamə ilə avtomobil almaq çox təhlükəli bir məsələdir. Etibarnamə verən adam hər an gedib etibarnaməni ləğv edə bilər. Bu halda həmin şəxsin artıq nə avtomobili idarə etmək, nə də avtomobili kiminsə adına rəsmiləşdirmək kimi bir hüququ olur. Belə olması ciddi problem yaradır".
Mütəxəssis qeyd etdi ki, etibarnamə gələcəkdə avtomobilin şəxsin əlindən çıxmasına səbəb olur.
"Yaxşı olar ki, alqı-satqı edən şəxslər Baş Dövlət Yol Polisinin qeydiyyat idarəsinə müraciət etsinlər və avtomobili öz adlarına rəsmiləşdirsinlər", - deyə Y.Mustafayev bildirdi.
Sevinc İBRAHİMZADƏ