Pirotexniki vasitələr təhlükəlidir - AÇIQLAMA
Azərbaycanda pirotexniki vasitələrin satışı qadağan olunsa da, hər il Yeni il bayramı öncəsi müxtəlif yerlərdə bunun satışının həyata keçirildiyini müşahidə edirik. Baxmayaraq ki, bu partlayıcı məmulatlar həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi zərərlər verə bilər, lakin əsasən Çin istehsalı olan bu vasitələr hansısa yolla ölkəmizə daxil olur və onu alıb istifadə edənlər də az deyil. Bunu bayram axşamı hər yerdən gələn partlayış səsləri də sübut edir.
Bəs pirotexniki vasitələrin ölkədə satışına nəzarət necə həyata keçirilir?
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Redaktor.az-a bildirdi ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil etmək qadağandır:
"Pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə müvafiq dövlət qurumu tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir. Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana - məhkəmələrə göndərilir".
Mövzu ilə əlaqədar texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev də qeyd etdi ki, pirotexniki məmulatlar xüsusi kateqoriyalara bölünür və həmin kateqoriyalar pirotexniki məmulatların yayılma radiusuna uyğun olaraq tənzimlənir:
"Daha az yayılma radiusuna uyğun pirotexniki məmulatların satışı icazə əsasında həyata keçirilə bilər. İcazə əsasında satılan pirotexniki məmulatların isə mütləq sertifikatı olmalıdır. Yəni bu satışı həyata keçirən şəxslərin aidiyyəti dövlət orqanlarından icazələri olmalıdır. Pirotexniki məmulatların üzərində istehsalçı barədə məlumatlar, aid olduğu kateqoriya, istifadə qaydaları, istifadə müddəti və istifadə ilə bağlı təlimatlar öz əksini tapmalıdır. Məhsulun sertifikatı mütləq üzərində nömrə ilə göstərilməlidir".
Ekspertin sözlərinə görə, belə vasitələrdən yaşayış binalarının yaxınlığında, əsasən də insanların çox toplaşdığı yerlərdə istifadəyə yol verilməməlidir:
"Çünki yanğın riski və insanlara xəsarət yetirmə ehtimalı yüksəkdir. Kustar üsulla düzəldilmiş pirotexniki məmulatların istifadəsi yolverilməzdir. Pirotexniki vasitələrdən istifadə edərkən mütləq tam təhlükəsiz bir məkan seçilməli, sonra isə təlimatlara əməl edilməlidir. Yeni il ərəfəsində hər kəs balkonlara çıxıb pirotexniki vasitələrdən istifadə edir. Ancaq qaydaların tələblərinə görə balkonlardan bu cür vasitələrdən istifadə qadağandır. Çünki ətrafa çox ciddi təhlükə aşılayır. Bundan əlavə olaraq 16 yaşına qədər uşaqların pirotexniki vasitələrdən istifadə etmələrinə qətiyyən yol verilməməlidir. Bununla bağlı mütləq valideyn nəzarəti olmalı və uşaqlar məlumatlandırılmalıdır”.
Qeyd edək ki, ətraf mühitə və sağlamlığa mənfi təsirləri azaltmaq üçün lazer şouları və ya dron nümayişləri kimi alternativ əyləncə vasitələrindən də istifadə etmək olar.
Sevinc İBRAHİMZADƏ