"Azercell" abunəçilərinin NƏZƏRİNƏ! - Aylıq 2 AZN ödəməsəniz...
Gələn ildən etibarən, "Bakcell", "Nar" abunəçiləri kimi, "Azercell" abunəçiləri də aylıq istifadə haqqı ödəyəcəklər.
Redaktor.az xəbər verir ki, "Azercell" ("SimSim") nömrəniz varsa, hər ay mobil xidmətlərə (zənglər, internet, SMS və s.) 2 AZN-dən az pul xərcləsəniz, balansınızdan avtomatik olaraq 2 AZN (vergilər daxil) xidmət haqqı çıxılacaq. Əgər ay ərzində 2 AZN-dən çox xərcləsəniz, bu xidmət haqqı çıxılmayacaq.
Xidmət haqqı hesablanarkən "Paycell" və "Simkredit" xidmətləri nəzərə alınmır. Ay bitdikdən sonra, növbəti ay balansınızda kifayət qədər vəsait varsa, həmin ayın xidmət haqqı tam şəkildə çıxılacaq. Əgər balansda kifayət qədər pul yoxdursa, qalıq məbləğ hesabdan silinir və balans artırıldıqda qalan məbləğ avtomatik çıxılır.
Yəni əgər balansınızda kifayət qədər pul yoxdursa, xidmət haqqı tam ödənilənə qədər qalıq məbləğlər növbəti balans artırmalarında hissə-hissə çıxılacaq.
Qeyd edək ki, balans çıxıldığı zaman əvəzinə bonus təklif olunmayacaq.
Digər mobil operatorlarda əvəzinə bonus təklif olunacaq.
Sevinc İBRAHİMZADƏ