Yeni il ərəfəsində quş əti bahalaşıb?
Son günlərdə Azərbaycanda quş əti məhsullarının qiymətində artım müşahidə olunur.
Redaktor.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə satıcılar məlumat veriblər.
Onların sözlərinə görə, qiymət artımı bir neçə amillə əlaqələndirilə bilər.
"Yeni il bayramı yaxınlaşdıqca tələbin artması qiymət artımına səbəb ola bilər. Bayramda müxtəlif yeməklər hazırlanarkən quş əti, xüsusilə toyuq və hinduşka kimi məhsullar geniş istifadə olunur, bu da bazarda tələbin yüksəlməsinə yol açır.
Ən çox qiymət artımı hinduşka ətində qeydə alınıb. Belə ki bir ay qabaq hinduşka ətinin bir kiloqramı 16-17 manata satılırdısa, hazırda bu qiymət 18-20 manat aralığında dəyişir", - satıcılar bildiriblər.
Mövzu ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli açıqlamasında bildirib ki, quş ətinin qiyməti ötən ilin müvafiq dövrünə nisbətən 7% aşağıdır.
"Hazırda quş ətinin topdansatış qiyməti 3.80 - 4.20 qəpikdirsə, bu qiymət ötən il 4.90 - 5.20 qəpik olub. Ölkədə kifayət qədər ət istehsalı var", - o qeyd edib.