Təyyarənin qara qutusu nədir, içində nə olur? - AÇIQLAMA
AZAL-ın prezidenti Samir Rzayev Aktauda baş verən təyyarə qəzasının baş vermə səbəbi ilə bağlı detallı araşdırılma aparıldığını bildirib. O deyib ki, qara qutu tapılıb və oxunması qanunvericiliyə uyğun aparılacaq.
Bəs qara qutu nədir və hansı hallarda bu qutu açılır?
Bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Redaktor.az-a açıqlamasında bildirdi ki, baş verən təyyarə qəzalarından sonra qəza hadisələrinin səbəbinin araşdırılması və müəyyən olunması üçün qara qutunun xüsusi əhəmiyyəti var:
"Qara qutu xüsusi möhkəm materialdan hazırlanmış narıncı rəngdə bir cihazdır. Narıncı rəngdə olmasının səbəbi qəza hadisələrindən sonra rahat tapılma məqsədi daşıyır. Qara qutu təyyarə uçuşda olan zaman hündürlüyünü, mühərrikin faktiki uçuş zamanı olan vəziyyətini, pilotların bütün danışıqlarını qeyd edir. Qara qutunun analiz olunması zamanı salonda hansı temperaturun olmasını belə müəyyən etmək mümkündür. Qara qutu qəza hadisələrindən sonra tapılır və qara qutunun tapılması xüsusi şəraitində analiz olunmasına gətirib çıxarır".
Ekspertin sözlərinə görə, təcrübə onu göstərir ki, ağır təyyarə qəzalarından sonra belə qara qutunu tapıb analiz edərək səbəbləri müəyyənləşdirmək mümkün olur:
"Qara qutunun suyun çox dərinliklərində müəyyən zaman qalma xüsusiyyəti var. Ən yüksək temperaturda belə onun daxilində olan məlumatlar qorunub saxlanılır və təyyarə qəzalarının araşdırılması, kök səbəblərin təhlili üçün qara qutuda olan məlumatların müəyyən olunması, oxunması, analiz olunması vacib hesab olunur".
Sevinc İBRAHİMZADƏ