"Qəza ilə bağlı dramatik paylaşımların edilməsi, yaranı daha da deşmək kimidir" - Psixoloq

 16:39 26.12.2024     268

Sosial şəbəkələrdə Qazaxıstan ərazisində qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə bağlı çox sayda müxtəlif paylaşımlar edilir. Təbii ki, bu görüntülər qəzada həyatını itirənlərin yaxınlarının da qarşısına çıxır.

Bəs sosial şəbəkədəki dramatik paylaşımların həlak olanların yaxınlarına hansı psixoloji təsirləri ola bilər?

Psixoloq Nizami Orucov Redaktor.az-a açıqlamasında bildirdiki, bu məsələyə iki cür yanaşmaq mümkündür:

"Birincisi, insanlar sırf reytinq üçün gündəmdə olan mövzuları dəyərləndirməyə meyillidirlər. Xüsusilə bu cür həssas bir mövzuda daha da dramatik paylaşımların edilməsi, yaranı daha da deşmək kimidir".

Onun sözlərinə görə, ikinci olaraq, məsələyə belə də yanaşmaq olar:

"Bu cür paylaşımlarla insanlar məsələnin, faciənin fərqində olurlar və az da olsa, o acını hiss edə bilirlər. Dualara vasitə olurlar da, deyə bilərik. Yəni belə paylaşımları görən hər insanın canının yanması və duası acısı olan, həyatını itirən insanların yaxınlarına daha dəyərlidir. Yəni bu məsələni nə tənqid edə bilərik, nə də təbliğ edə bilərik. Neytral mövzudur və necə yanaşdığımızdan çox şey aslıdır".

Sevinc İBRAHİMZADƏ