"Dedi ki, oturub təyyarənin qalxmağını gözləyir" - Qəzada həlak olan Raminin ATASI

“Özünə isti geyim almışdı ki, Çeçenistan soyuq olur, orada geyinər”.
Redaktor.az xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Şəmkir rayon sakini 26 yaşlı Ramin İbrahimovun atası Mahir İbrahimov deyib.
O bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş: “İsti paltarlar almışdı. Axşam yemək yedi. Ailəlikcə onu yola saldıq. Axırıncı dəfə səhər saat 9-a 11 dəqiqə işləmiş anasına səs göndərmişdi. Dedi ki, oturub təyyarənin qalxmağını gözləyir. Mən isə hadisənin baş verdiyini saat 11-də bildim”.
M.İbrahimov əlavə edib ki, hadisə barədə sosial şəbəkədən xəbər tutublar: “Evə gələndə qardaşım zəng edərək bildirdi ki, sosial şəbəkədə təyyarə qəzası ilə əlaqəli videoları görüb. Mən də tez televizoru açıb xəbəri gördüm” (APA).